Tək Cənubi Qafqazda deyil, beynəlxalq aləmdə söz sahibi olan Azərbaycan günbəgün öz mövqeyini gücləndirməkdədir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində 30 il işğal altında olan torpaqları azad etdi. Hərbi qüdrətini ortaya qoyan Azərbaycan bu gün ən güclü dövlətlər sırasına daxil olub. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İşğalçı Ermənistan bu müharibə nəticəsində iflic vəziyyətinə salınıb və bu gün də özünə gəlmək iqtidarında deyil. Beynəlxalq, regional tədbirlərdə və görüşlərdə Azərbaycan prezidentinin qətiyyətli və sərt çıxışları dünyanın siyasi dairələrində, mediasında ciddi müzakirə olunur. Moskvada mayın 25-də Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasını Azərbaycanın diplomatik uğurlarının davamı kimi qiymətləndirmək olar. İclasda Azərbaycan Prezidentinin qonaq qismində iştirakı ölkəmizin regional proseslərə təsir imkanlarının güclü olduğunu göstərir. Prezident İlham Əliyev Azərbaycanın quruma üzv olmasa da, ötən 30 ildə Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirib. İkitərəfli əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu ölkəmizin bu illər ərzində əldə etdiyi sosial-iqtisadi göstəricilər də təsdiqləyir. Prezident İlham Əliyev iclasdakı çıxışında bir daha diqqəti Azərbaycanın xalqlar arasında körpü rolunu oynayan tranzit imkanlarına, həyata keçirilən layihələrin uğurlu icrasına yönəldib.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin Avrasiya İqtisadi İttifaqının toplantısına qonaq qismində qatılması Azərbaycanın birliyə üzvlük məsələsiylə əlaqələndirilməməlidir. Elə qurumlar var ki, Azərbaycan onun üzvü olmasa da, həmin qurumun üzvü olan ölkələrlə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq əlaqələrinə malikdir. Belə qurumlardan biri də Ali Avrasiya İqtisadi Şurasıdır. Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycana xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən xüsusi önəm verilir. Ali Avrasiya İqtisadi Şurası da bu baxımdan ölkəmizə mühüm dəyər verən qurumlardan biridir. Elə Rusiya prezidenti Vladimir Putinin iclasdakı çıxışı zamanı “Azərbaycanın ikitərəfli formatda təşkilata (Ali Avrasiya İqtisadi Şurası) üzv ölkələrlə iqtisadi münasibətləri müntəzəm artır və bizim hamımız üçün həm Azərbaycan üçün, həm də təşkilatın hər bir iştirakçı ölkəsi üçün əhəmiyyət kəsb edir” deməsi də bunu təsdiq edir.
Azərbaycanı beynəlxalq münasibətlər sistemində müxtəlif birliklər və təşkilatlar üçün cəlbedici edən amil yalnız iqtisadi imkanları deyil, həm də tamamilə müstəqil siyasət yürüdən dövlət kimi qəbul edilməsidir. Azərbaycan indi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, regionun önəmli strateji tranzit-nəqliyyat qovşağı kimi çox ciddi potensiala malikdir. Yerləşdiyimiz coğrafi mövqe Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artırır. Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri qovuşduğu ərazi məhz Azərbaycandır. Son illərdə isə ölkənin nəqliyyat-logistika sahəsində imkanlarını genişləndirmək üçün çox böyük işlər görülüb. Bütün bunlar beynəlxalq münasibətlərdə gərginlik nöqtələrinin çoxaldığı, qlobal güclərin nəinkli siyasi, həm də iqtisadi maraqlarının daha çox toqquşduğu bir dövrdə baş verir. İndi bütün dövlətlər beynəlxalq iqtisadi əlaqələrdə etibarlı tərəfdaşlarla işləməyə can atır. Azərbaycanın cəlbediciliyini artıran əsas məqam da fikrimcə, elə bundan ibarətdir ki, bizim ölkəmiz üzərinə götürdükləri öhdəliklərə hər zaman məsuliyyətlə yanaşıb, heç vaxt hansısa üçüncü tərəflərin təzyiqlərinə boyun əyməyib. İndiki ziddiyyətli, və mürəkkəb şəraitdə dayanıqlı, stabil siyasət yürütmək çox çətindir. Azərbaycan məhz cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində buna müvəffəq ola bilib.
Zabrat qəsəbəsi, 71nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Susanna Abduləzimova