Azərbaycan Respublikasının dünya ölkələri ilə siyasi, iqtisadi əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Bu da Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin bilavasitə nəticəsidir. Bu gün nəinki regionda, dünyada böyük iqtisadi potensiala malik ölkə kimi səciyyələndirilən Azərbaycana maraq daha da artıb. Avropa və dünyanın digər ölkələri Azərbaycanla iqtisadi əlaqələrinin gücləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə ehtiyac duyurlar. Son illərdə dünyada Azərbaycanın təbii qaz ehtiyatlarına olan maraq durmadan artır. Qarşılıqlı əməkdaşlığın inkişafına həsr olunmuş beynəlxalq məclislərdə dövlət başçımızın məruzə və çıxışlarında, jurnalistlərə müsahibələrində, eyni zamanda, bağlanmış müqavilələrdə bu məsələlər aydın ifadəsini tapıb. Eyni zamanda, Azərbaycan "Şahdəniz" layihəsinin üçüncü mərhələsini işə salmağı planlaşdırır və bunun sayəsində 2030-cu ilə qədər yataqdan əlavə 15 milyard kubmetr qaz hasil ediləcək.
Bundan əlavə, artıq bu il ehtiyatları 360 milyard kubmetrə çatan "Abşeron" yatağından hasilata başlanılması planlaşdırılır. İşlənilməsini gözləyən başqa bir zəngin qaz yatağı "Qarabağ"dır - onun ehtiyatları 13 milyard kubmetr qiymətləndirilir. Burada hasilata 2025-ci ildə başlanılması planlaşdırılır və birinci mərhələdə yataqdan ildə təqribən 1,5-1,8 milyard kubmetr əldə etmək mümkündür. Bütün bu deyilənlər Azərbaycanın regional və qlobal əməkdaşlığın dərinləşməsində rolunun getdikcə artmasını təsdiqləyir. Müasir dünyanın reallıqları elədir ki, müxtəlif istiqamətləri əhatə edən inteqrasiya prosesləri olmadan gələcək uğurlu inkişafı təsəvvür etmək mümkün deyil. Bu mənada Azərbaycanın tutduğu mövqe, həyata keçirdiyi ardıcıl siyasət təqdirəlayiqdir və dünya birliyi tərəfindən rəğbətlə qarşılanır.
Sabunçu rayon 96 nömrəli tam orta məktəbin tarix müəllimi Nəzakət Əzizzadə