Moskva görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır

Moskva görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır Bildiyiniz kimi mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib. Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası istər üzv dövlətlərin, istərsə də tədbirə qonaq qismində qatılan Azərbaycanın iqtisadi imkanlarının təqdimatında öz sözünü dedi. Dövlət başçısının Rusiya Federasiyasına səfəri, Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında xüsusi qonaq qismində iştirakı və qeyd olunduğu kimi Bakı və İrəvanla dayanıqlı sülhün əldə olunması istiqamətində nəzərdə tutulmuş görüşü dünyanın diqqət mərkəzində idi.Prezident İlham Əliyevin rəhbərliyi və iradəsi ilə həyata keçirilən mükəmməl xarici siyasət kursu ölkəmizin bütün geopolitik platformalarda yüksək mövqeyini təmin etməkdədir. Bu gün Azərbaycanın Avropa üçün mühüm enerji tərəfdaşı olduğu bəllidir. Eyni zamanda, ölkəmiz Türk dünyasında, eləcə də İslam aləmində mühüm iqtisadi, üstün siyasi mövqeyə sahiblənib. Bütün bu uğurların dövlət başçısının balanslaşdırılmış və ölkəmizin maraqlarına hesablanan daxili və xarici siyasətinin mükəmməl vəhdətinin nəticəsi olduğu bəllidir.
Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda artan nüfuzu, möhkəmlənən mövqeyi göz önündədir. Hər bir ölkənin siyasi müstəqilliyinin möhkəmlənməsində iqtisadi tərəqqi əhəmiyyətli rol oynayır. Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycana xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən xüsusi önəm verilir. Ali Avrasiya İqtisadi Şurası da bu baxımdan ölkəmizə mühüm dəyər verən qurumlardan biridir.Prezident İlham Əliyev iclasdakı çıxışında bir daha diqqəti Azərbaycanın xalqlar arasında körpü rolunu oynayan tranzit imkanlarına, həyata keçirilən layihələrin uğurlu icrasına yönəltdi. Azərbaycan həm enerji, həm də nəqliyyat layihələrinin icrasını uğurla həyata keçirməklə bu körpünün daha da möhkəmlənməsinə yeni əlavələr edir. Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşməsi, ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir.Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar mövcuddur və bu, əməkdaşlığın coğrafiyasının genişlənməsində həlledici rol oynayır.
İclas çərçivəsində aparılan müzakirələrdə Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana layiqli cavab verməsi diqqət çəkib.“Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmizin təşəbbüsü ilə reallaşacaq Zəngəzur dəhlizi region dövlətlərinin tranzit potensialını yüksəldir və nəqliyyat sahəsində yeni imkanlar açacaq. Amma Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə cəfəng fikirləri, o cümlədən Laçın yoluna dair absurd ittihamları diqqətdən qaçmadı. Paşinyanın bu cəhdi çox uğursuz alındı.
Dövlət başçısı İlham Əliyev “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır” söyləyərək Nikol Paşinyana bu dərsi keçdi ki,“dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil.“Ermənistan Zəngəzur dəhlizinin reallaşmaması üçün başqa ölkənin dəstəyinə ümid edirdi və Prezident İlham Əliyev çıxışı ilə bir daha Ermənistanın bu ümidini puç etdi. Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanların olduğunu qeyd etməklə növbəti dəfə ölkəmizin sülh, sabitlik istəyini ifadə etdi. Bu reallığın nəticəsi kimi sərhədlərin dövlətlərarası sərhədlər qismində tanındığı 1991-ci ilin Alma-Ata Bəyannaməsinin qarşı tərəfindən artıq qəbul olunması bütövlükdə diplomatiyamızın uğurudur. Məhz bu uğur modelinin müəllifi Müzəffər Ali Baş Komandan “Qarabağ Azərbaycandır!” şüarını rəsmi İrəvana da qəbul etdirmiş oldu.

Bilal Ələkbərov,
Salyan Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru



Oxşar xəbərlər