Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur

Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur
Son 30 ildə, dövlət müstəqilliyini bərpa edəndən Azərbaycanın bir başlıca hədəfi var idi–bütün ərazilərində suverenliyini bərqərar etmək. İkinci Qarabağ savaşı ilə Azərbaycan böyük miqyasda buna nail oldu. İkinci Qarabağ savaşında darmadağın edildikdən sonra Paşinyan vaxtaşırı sülh sazişi və “ərazi bütövlüyünün tanınması” ilə bağlı pozitiv fikirlər səsləndirsə də, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsinin lazımlığı barədə absurd bəyanatlar verirdi. Dünya gücləri, eləcə də Rusiya beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirirlər. Amma gündəmə Ermənistanın istəyinə uyğun olaraq “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təminatı” məsələsini gətirirlər ki, bu da dolayısı ilə Azərbaycana qarşı ərazi iddiası deməkdir. Yəni, etnik ermənilərlə bağlı “tezis”lərində həm Qərb, həm də Rusiya nə qədər suverenliyimizə hörmət etdiklərini dillərinə gətirsələr beləkökündən səmimi deyillər. Rəsmi Moskvanın oyuna 2022-ci ildə Vardanyan fiqurunu əlavə etməsi, Qərbin buna loyal yanaşması ondan xəbər verirdi ki, fərqli konfrontasiya yaratmaq, Qarabağ ermənilərini Azərbaycana qarşı “tərəf” etmək istəyirdilər. Bir sözlə, həm Qərb , həm də Rusiya öz ssenarisini yazıb Qarabağda “səhnələşdirmək” istəyirdi, lakin onların planları iflasa uğradı. Azərbaycan hökuməti tərəfindənaprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdiyini hamıya göstərdi, bunu bir daha təsdiqlədi. Azərbaycan öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsi yaratdı, dövlət sərhədində bayrağını ucaltdı. Bununla, Prezident İlham Əliyevin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” sözləri bir daha öz təsdiqini tapdı. Bu, Azərbaycan Prezidentinin ardıcıl şəkildə, qətiyyətlə həyata keçirdiyi siyasətin nəticəsi və növbəti təntənəsi idi. Ölkəmizin qonşu dövlətlərə qarşı heç bir ərazi iddiası yoxdur. Eyni zamanda başqalarının da respublikamıza qarşı belə iddialardan çıxış etmələri yolverilməzdir.
Prezident cənab İlham Əliyev 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışında qeyd etmişdir: “Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil.Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”.
44 günlük müharibə təsdiqlədi ki, Azərbaycan ərazi bütövlüyünü, unitar dövlət quruluşunu qorumağa qadirdir. 44 günlük müharibənin nəticəsi olaraq Qarabağ Azərbaycanın daxili məsələsinə çevrilib. Buna görə də burada Ermənistanla, digər dövlətlərlə və beynəlxalq təşkilatlarla müzakirə ediləsi bir şey yoxdur. Azərbaycan daxili məsələlərini heç kimlə müzakirə etmək niyyətində deyil. Əvvəllər Ermənistan rəsmiləri və bu ölkəyə havadarlıq edənlər Qarabağda yaşayan ermənilərə hansısa “status” verilməsi şərtini irəli sürürdülər. Azərbaycanın isə qətiyyətli mövqeyi belədir ki, Qarabağda yaşayan ermənilərə hansısa bir statusun verilməsindən ümumiyyətlə söhbət gedə bilməz. Azərbaycanın Konstitusiya ilə müəyyən olunmuş unitar dövlət quruluşu var və bunun azsaylı etnik topluma görə dəyişdirilməsi mümkünsüzdür. Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşları sayır və onların hüquqlarının qorunmasına təminatlar verir. Postmüharibə dövründə iki ölkə arasında münasibətlərin nizamlanması üçün bir sıra məsələlər həllini tapmalıdır. Bura humanitar məsələlərlə yanaşı, sərhədlərin delimitasiya və demarkasiya edilməsi, Ermənistana məxsus hərbi birləşmələrin Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasından tamamilə çıxardılması, mina terroruna, şərti sərhədlər boyunca təxribatlara son qoyulması və s. məsələlər daxildir. Bu məsələlərin həllini tapması regionda etimad və təhlükəsizlik mühitinin formalaşmasına müsbət təsir göstərə bilər. Əsas məsələ isə iki ölkə arasında sülh sazişinin imzalanmasıdır. Belə bir sənəd imzalanmadan uzunmüddətli sabitlikdən, əmin-amanlıqdan danışmaq əbəsdir. Qalib Azərbaycan sülh sazişinin mümkün qədər tez hazırlanıb imzalanmasının tərəfdarıdır və sülh sazişi beynəlxalq prinsiplərə əsaslanmalıdır.


Könül Nuriyeva,
Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbin direktor əvəzi, YAP fəalı

Oxşar xəbərlər