Ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz bu gün həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq

Ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz bu gün həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq
Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlıq, dostluq və qarşılıqlı dəstək münasibətləri formalaşıb. Ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz bu gün həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.
Şübhəsiz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amillərdən biri ən yüksək səviyyədə aparılan,dövlətlərarası əlaqələrin bütün istiqamətlərdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.
Bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə dinamik inkişafı və yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətinin nəticəsidir. Ölkənin modernləşdirilməsi və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təqdirəlayiqdir.
Bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan xalqını ürəkdən təbrik etmək istərdim. Qeyd etmək istəyirəm ki, həmin dövr ərzində Prezident Kasım-Jomart Kemeleviç Tokayev də Azərbaycana altı dəfə səfər edib. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlığın və qarşılıqlı strateji fəaliyyətin inkişafına birgə səylərimizin bariz göstəricisidir.
Müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir. İşğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana bir daha minnətdarlığımı bildirmək istəyirəm.Bu mərkəz hazırda mühüm mədəni-maarif müəssisəsinə çevrilib və orada təxminən 100 uşaq təhsil alır.
Ötən illər ərzində biz möhkəm hüquq-müqavilə bazası – təqribən 170 sənəd – hazırlamışıq. Siyasi,iqtisadi,ticarət,investisiya,mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Bu il 20 illiyi qeyd edilən “Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. Bu sənəd ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı üçün etibarlı təməl yaradıb.
Bundan əlavə,Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın ilk iclası da xüsusi əhəmiyyət daşıyır. Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan–Qazaxıstan münasibətlərinin yeni mərhələyə yüksəldilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Azərbaycan və Qazaxıstan həmçinin çoxtərəfli formatlarda – xüsusilə BMT, Türk Dövlətləri Təşkilatı,İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir.Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir və bir çox məsələlərdə ortaq mövqeni bölüşür.
İqtisadi-ticarət əlaqələrinin davamlı artımını məmnunluqla qeyd etmək olar. Hər iki ölkə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı genişləndirir, birgə təşəbbüslər həyata keçirir.Bu proses məqsədyönlü dövlət siyasəti, biznes dairələri arasında fəal dialoq və qarşılıqlı etimad sayəsində mümkün olub.
Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və iqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin yaradır.2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 470 milyon dollar təşkil edib.2025-ci ilin yanvar–avqust aylarında isə bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə artaraq 547 milyon dollara çatıb.
Azərbaycanın Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiyalar 225 milyon dollar,Qazaxıstanın Azərbaycana yatırdığı sərmayə isə 136 milyon dollar təşkil edir.Bu rəqəmlər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını göstərir.
İnfrastrukturun davamlı inkişafı,tarif və logistika üstünlüklərinin genişləndirilməsi daşımaların həcminin artmasına və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradır. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub.Orta Dəhliz ölkələr arasında davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır.
Sənəd üç ölkənin nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını, əməliyyatların optimallaşdırılmasını,əlavə yük axınının cəlb edilməsini,vahid tarif siyasətinin tətbiqini və logistika mərkəzləri şəbəkəsinin genişləndirilməsini nəzərdə tutur.
İnfrastruktur sahəsində mühüm layihələrdən biri də Xəzər dənizinin dibi ilə Qazaxıstan və Azərbaycan arasında sualtı fiber-optik rabitə xətlərinin çəkilməsidir.Tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb və işlərin 2026-cı ilin sonuna qədər tamamlanması planlaşdırılır.Bu layihə regionda rəqəmsal inteqrasiyanı gücləndirəcək.
Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyinin artırılması üçün həyata keçirilən infrastruktur yenilənməsi tədbirləri Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyini daha da möhkəmləndirəcək.
Enerji sahəsində də tərəfdaşlıq uğurla davam edir. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsinə və bərpa olunan enerji mənbələrinin təşviqinə dair strateji sazişlər və memorandumlar imzalayıblar.Bu təşəbbüslər ölkələrin davamlı inkişafa və ekoloji təmiz texnologiyalara keçidə sadiqliyini əks etdirir.
Türk Dövlətləri Təşkilatı da xalqlarımız arasında əməkdaşlığın və həmrəyliyin güclənməsində mühüm rol oynayır 2009-cu ildə Naxçıvanda yaradılan bu təşkilat türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasına böyük töhfə verir.Keçən il Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə baş tutan 12-ci Zirvə Görüşü bu əməkdaşlığın səmərəsini bir daha göstərdi.
Mədəni əlaqələrin inkişafı xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Bu tədbirlər yaradıcılıq münasibətlərinin genişlənməsinə və iki xalqın mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə xidmət edir.
Qazax ədəbiyyatının görkəmli nümayəndəsi Kemel Tokayevin “Gecə açılan atəş” adlı povestlər toplusunun Azərbaycan dilində nəşri və onun 100 illik yubileyi münasibətilə Bakıda keçirilən beynəlxalq konfrans da bu əməkdaşlığın parlaq nümunələrindəndir.
2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırmışdım. Təəssüf ki,o vaxtdan bəri vəziyyət yalnız pisləşib.Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil.
Bu şəraitdə bütün Xəzəryanı ölkələrin sıx əməkdaşlıq etməsi,elmi məlumat mübadiləsini artırması və vəziyyətin təsirlərini azaltmaq üçün əlaqələndirilmiş tədbirlər görməsi olduqca vacibdir.Xəzər dənizində baş verən ekoloji dəyişikliklər biomüxtəlifliyə və ekosistemin dayanıqlılığına ciddi təhdid yaradır.
Bu səbəbdən,Xəzərin mühafizəsi istiqamətində regional və beynəlxalq platformalarda birgə təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.Artan transmilli ekoloji risklər fonunda Xəzər dənizi sadəcə su hövzəsi deyil, həm də ortaq məsuliyyətimizin və birgə fəaliyyətimizin simvoluna çevrilir.

Balaxanı qəsəbəsi, 69 saylı məktəbin
Tarix müəllimi Nəzakət Həsənova

Oxşar xəbərlər