Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir

Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə,  millətimizə sadiq olmaqdan ibarətdir
Milli-mənəvi dəyərlər və azərbaycançılıq - bu sözlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu, həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması, xalqımızın bu dəyərlərə sadiqliyinin nümunəsidir. Yeni qurulan cəmiyyətdə əsaslılıq təşkil edən bu amilin qorunub-saxlanılması, onun daha da zənginləşdirilməsi, maarifləndirmə baxımından onu dərk etməyənlərə aşılanması mühüm vəzifələrdən biri kimi o zamankı rəhbərliyin ümdə borcu idi. Fəqət, yenicə müstəqillik qazanmış Azərbaycanda cərəyan edən hadisələr, ölkədə hökm sürən böhranlı vəziyyət və digər acınacaqlı faktorlar xalqımızı yenidən vassallığa doğru sürükləməklə yanaşı, sözügedən dəyərlərin növbəti dəfə itirilməsinə şərait yaradırdı.
Məhz bu şəraitdə xalqın onu anlaya biləcək, öz dilini, dinini, milli mədəniyyətini, adət-ənənələrini inkişaf etdirəcək, özünə qayıtmasına imkan yaradacaq Öndərə ehtiyacı var idi.
1993-cü il iyunun 15-də xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev qısa müddətdə bütün negativ hallara son qoymaqla yanaşı, qeyd olunan bu amilləri prioritet vəzifə olaraq həyata keçirməyə başladı. "Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, azərbaycançılığın, mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir" kimi əvəzedilməz tövsiyəsini verən Heydər Əliyev dühası milli-mədəni irsimizin, tariximizin ideoloji buxovlardan və qadağalardan xilas olmasına stimul verdi.
Xalqının rəhbəri olmaqla yanaşı, Millət Atası kimi qəbul edilən Dahi Şəxsiyyət Heydər Əliyev zəngin tariximizi öyrənməkdə, milli-mənəvi dəyərlərimizə yiyələnməkdə, azərbaycançılığı hər zaman yüksək mövqedə tutmaqda olan gənc nəslin milli ruhda tərbiyə olunmasını əsas vəzifələrdən biri kimi hesab edib. O, bu barədə bəhs edərkən deyirdi: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz".
Azərbaycançılığın və milli-mənəvi dəyərlərimizin mənimsənilməsində, bu məfkurənin təkmilləşdirilməsində doğma dilimizin də müstəsna rolları mövcuddur. Tarixlər boyu bir sıra milli dillər kimi Azərbaycan dili də hədsiz ədalətsizliklərlə qarşı-qarşıya qalıb. Ayrı-ayrı zamanlarda, o cümlədən, Sovet hakimiyyəti dönəmlərində Azərbaycan dilinin qanuni hüququnun bərpası, özünə qaytarılması üçün göstərilən cəhdlər ciddi müqavimətlərlə qarşılaşırdı. Məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyası qəbul olunarkən, orada Azərbaycan dilinin dövlət dili statusu təsbit olunmuşdu. Buna baxmayaraq, Sovetlər birliyinin ümumi dili olan rus dili ümumi danışıq dili olduğundan Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsi istiqamətində ciddi maneələr yaradılmışdı. Yalnız ölkəmizdə müstəqillik elan edildikdən və ulu öndərimiz ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, onun qayğısı sayəsində Azərbaycan dilinin bütün hüquqları özünə qaytarıldı. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq referendumu əsasında qəbul olunmuş ilk Konstitusiyasının 21-ci maddəsində təsbit olundu ki, "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir".
Azərbaycançılığın və milli irsin qorunub saxlanılmasında mədəniyyətin də xüsusi rolu mövcuddur. Belə ki, mədəniyyət anlamı bir xalqın milli irsinin, tarixi zənginliyinin, dilinin və dininin bariz göstəricisidir. Nəzərə alsaq ki, mədəniyyət və incəsənət xalqlar və millətlər arasında heç bir tərcüməyə ehtiyacı olmayan ən yaxşı ünsiyyət vasitəsidir, bu zaman tam əminliklə söyləyə bilərik ki, Azərbaycan zəngin mədəniyyəti ilə dünyaya inteqrasiya edərək öz aliliyini, qədim tarixini ən yüksək səviyyədə nümayiş etdirməkdədir.
Heydər Əliyev mədəniyyət və incəsənətimizin klassikləri ilə yanaşı, müasirlərimizin yubiley mərasimlərini, yaradıcılıq gecələrini keçirməklə, belə tədbirlərdə bilavasitə iştirak etməklə, mədəniyyət xadimlərimizi Vətənin ən yüksək mükafatları ilə təltif etməklə, bir tərəfdən onların yaradıcılıqlarına, fəaliyyətlərinə yüksək qiymət verirdisə, digər tərəfdən mədəniyyətimizin təbliği üçün əvəzsiz xidmətlər göstərirdi.
Bu gün Azərbaycan xalqı əbədiyaşar öndərimizin dəyərli tövsiyələrini həyata keçirərək tarixi keçmişinin çox qiymətli səhifələrini vərəqləyib zəngin tarixini gələcək nəsillərə aşılayır. Xalqımızın hər bir övladı isə öz tarixi keçmişini, milli mənəviyyatını, varisi olduğu mədəni irsi dərindən öyrəndikcə qürur hissi duymağa başlayır və təbii ki, bununla fəxr edir, necə ki, o Böyük insan bu möhtəşəm hisslərlə yaşayırdı: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən AZƏRBAYCANLIYAM!"


Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Çiçək Daşdəmirova


Oxşar xəbərlər