DİLİMİZ -MƏNLİYİMİZDİR

DİLİMİZ -MƏNLİYİMİZDİR “Dilimiz-mənliyimizdir”-ifadəsini tez-tez eşidirik. İki sözdən ibarət bu söz əslində çox geniş mənalar ifadə edir. Dil hər bir xalqın, dövlətin ən böyük milli dəyərlərindəndir. Ulu Öndər Heydər Əliyev öz nitqində bunu çox gözəl ifadə edərək bildirmişdir: "Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”.
Hər bir dil özlüyündə bir tarix yaşadır. Dilimiz bizim keçmişimiz, bugünümüz, sabahımızdır. Dilimiz eyni zamanda bizim mənəviyyatımızın tarixi göstərgəsidir.
Çünki bir xalqı, məhv etmək üçün torpağını, malını, mülkünü əlindən almaq kifayət etməz, ancaq onun dilini əlindən alsan məhv edə bilərsən. Düşmənlər hər zaman biz qarşı bu siyasətdən istifadə etməyə çalışmışdır. Ancaq heç bir nəticə əldə etməmişdir.
Ötən əsrin əvvəllərindən başlayaraq dilimiz sıxışdırılmış, qadağan edilmişdir. Sovet Rusiyasının həyata keçirdiyi bu ədalətsiz siyasət milli kimliyimizi unutdurmağa, ruslaşdırma siyasətini həyata keçirməyə yönləndirilmişdir. Ancaq bu siyasət xalqımızın iradəsi sayəsində uğursuzluqla nəticələnmişdir. Buna qarşı mübarizə daim davam etmişdir, ötən əsrin 70-ci illərindən etibarən Ümumilli lider Heydər Əliyev dil məsələsini işıqlandıraraq öz sərt mövqeyini ortaya qoymuşdur. Nəticədə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə edilmişdir.
Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsi, xalqımızın dilimizə milli dəyər kimi yanaşmasının, onu qorumasının, həmçinin, dilimizin zənginliyinin bariz nümunəsidir. 2001-ci il 9 avqust tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi dövlətimiz üçün tarixi hadisədir. Bu tarixi yaşamaq üçün xalqımız uzun illər ədalətsiz sınaqlardan keçmişdir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması öz əksini tapmışdır.

Sabunçu rayonu, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Həsənzadə Damla


Oxşar xəbərlər