Xalqın əsrlər boyu formalaşan və əvəzsiz bir miras kimi nəsildən-nəsilə ötürülən milli-mənəvi dəyərlərini, o sıradan dilini qorumaq, cəmiyyətin bu dəyərlər əsasında formalaşmasını təşkil etmək, onu müasir dövrün tələblərinə uyğunlaşdıraraq yaşatmaq və gələcək nəsillərə ötürmək qarşıda duran çox vacib vəzifələrdəndir.
Tarixin müxtəlif dönəmlərində dilimiz yad təsirlərə məruz qalsa da, xalqın milli birliyi, milli qüruru dilimizi bütün təzyiqlərdən qoruyub. Bu işdə görkəmli dövlət xadimlərinin əvəzsiz xidmətləri olub. Azərbaycan dilinin dövlət dili statusuna malik olması çox böyük tarixi hadisə kimi dövlətçiliyimizin qələbəsidir.
Bu gün müstəqil bir dövlət kimi ən çox fəxr etdiyimiz bir məsələ var. Bu da odur ki, bizim gözəl Azərbaycan dilimiz var. Azərbaycan dilinin formalaşmasında, inkişaf etməsində, bugünkü yüksək səviyyəyə çatmasında, yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünasların, dilçi alimlərimizin xidmətləri var. Ancaq Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ciddi addımlar atan Ulu Öndər Heydər Əliyev olmuşdur.
Ana dilimiz xalqımızın tarixən təşəkkül tapmış milli sərvətidir. Bu milli sərvətə isə heç kəsin, xüsusən gələcəyin təminatçısı olan gənclərimizin soyuqqanlı yanaşmasına yol verməməliyik. Unutmamalıyıq ki, dilimiz mənəviyyatımızdır. Mənəviyyatımıza sahib çıxmaq isə hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
Ümummilli lider Heydər Əliyev demişdir: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz... Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz, Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək; onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır”.
Ümummilli Liderin də dediyi kimi dilimiz bizim milli kimliyimizdir. Dilimiz tariximizdir. Məhz milli-mənəvi dəyərlər mühitində yetişən Azərbaycan gəncliyi Ali Baş Komandanın rəhbərliyi ilə doğma ana dilimizdə yeni bir tarix yazdı. Ali Baş Komandanın “Şuşa sən azadsan, Qarabağ Azərbaycandır!” kəlamı ana dilimizdə eşidə biləcəyimiz ən gözəl kəlamlardan biridir.
Maştağa qəsəbəsi, 255 nömrəli tam orta məktəbin
psixoloqu Eminə Əhmədova