“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən
mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Heydər Əliyev
Ana dili! Hər bir xalqın xalq olaraq varlığının təminatçısı, milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Azərbaycan dilli olan ana dilimizdə bizim üçün bayrağımız, gerbimiz, torpağımız kimi müqəddəsdir.
1978-ci il 21 apreldə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinə dövlət dili statusu verilmişdir. Ümummilli Liderimiz dövlət dilimizin yaşaması uğrunda daim mübarizə aparmışdır. Onun inkişafı və zənginləşməsi istiqamətində bütün vasitələrdən istifadə edirdi. Ümummilli Liderimiz tərəfindən dilçi alimlərə xüsusi qayğı göstərilməsi ana dilinin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı. Belə ki, milli dildə nəşr etdirilən kitabların tirajlarının artırılması, tədbirlərin ana dilində hazırlanması, bütün dövlət işçilərinin ana dilində danışması və s. qarşıya tələb kimi qoyulmuşdur. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildikdə, konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili Azərbaycan dili kimi öz əksini tapdı. Məhz bundan sonra ana dilimizin inkişafı istiqamətində görüləcək işlər daha da gücləndirildi. 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalandı. 2001-ci il 9 avqust “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi” haqqında fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Bakıxanov qəsəbəsi, 213 saylı məktəb-liseyin
Direktoru Səbinə Əliyeva