Məlum olduğu kimi Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 28 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyəti quruldu. Təbii ki, bu hakimiyyət Rusiyadan qurularaq ətraf ölkələrə sirayət etdiyindən rus dili də sovet hakimiyyəti qurulan ölkələrdən vaz keçə bilməzdi. Yadıma gəlir ki, hətta 1983-cü ildə orta məktəbdə oxuyarkən “Ana dili” kitabımızda yazılmışdı ki, Azərbaycan dilinin inkişafı rus dilinin inkişafı ilə bağlıdır. Bu cümlənin özündə həm qürur, həm də xarici təsirin olduğunu görürük. Xarici təsir aydın şəkildə görünür. Qürur isə cümlədə olan Azərbaycan dili fikrindən gedir, hansı ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan 27 aprel 1978-ci il tarixində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması ideyası olmuşdur. SSRİ dönəmində milli dillərin sıxışdırılması geniş vüsət almış və sürətlənmişdi. Belə bir çətin rejim dövründə Azərbaycan dilinin nəinki qorunub saxlanması, hətta inkişaf etdirilməsi Ulu Öndərimizin cəsarətli addımlarının nəticəsi idi və eyni zamanda həm də qəhrəmanlıq idi.
Çətin günlərdə köklənməyən ağac ən mülayim küləyin təsirindən yıxılar demişlər, bu üzdən Ulu Öndərimiz çətin dövr olan Sovetlər dövründə də Azərbaycanımızın inkişafına nail olub. Bir nümunə göstərərək deyə bilərəm ki, Ulu Öndərimiz tərəfindən qüdrətli şairimiz Nəsiminin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi kimi 1970-ci ildə Suriyaya gedərkən şairimizin məzarının tapılması, bərpası, onun haqqında filmin çəkilişi, həmçinin YUNESKO- ya Nəsiminin Azərbaycan şairi kimi daxil edilməsi dilimizin inkişafına sonsuz töhfə vermişdir.
Ulu Öndərimiz Heydər Əliyev həmişə deyərdi ki, xarici dilləri öyrənmək lazımdır, beynəlxalq dilləri də həmçinin, amma öz ana dilimizi unutmamaq şərti ilə. Çünki ana dilimiz bizim milli mənəvi sərvətimzdir. Sovetlər dövründə rus dilində səlis və qrammatik danışan Ulu öndərimiz Azərbaycan dilinin köhnəlmiş sözlərini belə unutmamışdı.
Ulu Öndərimiz öz çıxışlarında deyirdi ki, bizim dilimiz türdilli dillər qrupuna aiddir və onun zənginliyi ilə fəxr edirəm.
Dilimiz haqqında onlarla qanun layihəsinin həyata keçirilməsi də Ulu Öndərimizin dilimizə olan sevgi və məhəbbətinin təcəssümüdür.
Sabunçu qəsəbəsi, 215 nömrəli tam orta məktəbin
direktoru Cavad Mustafayev