Hər bir millətin mənəvi siması, milli varlığınının timsalı onun dilidir. Dil siyasəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin genişmiqyasılı siyasi-ideoloji fəaliyyətində mühüm yer tutur. Dil quruculuğu siyasəti həmişə ümummilli lider Heydər Əliyevin milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub.
Azərbaycan dilinin inkişafı üçün öz səyini heç vaxt əsirgəməyən Heydər Əliyev hələ 1970-ci illərdən başlayaraq ana dilinin qayğısına qalıb. Buna görə də Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyəti ana dilinin incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda möhkəm, nikbin əhval-ruhiyyə yaratmaq olub.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib. Həmin illərdən başlayaraq Nəsiminin dilinə aid xeyli sayda tədqiqat işi aparılıb. Məhz o vaxtdan etibarən Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılıb.
Tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, bir tərəfdən onların xalq qarşısında, millət qarşısında xidmətlərinə verilən qiymətdir. Digər tərəfdən isə, belə yubileylərin keçirilməsi xalqın, millətin zənginliyini nümayiş etdirir. Eyni zamanda bu yubileylər xalqın, millətin daha da yüksəlməsinə kömək edir.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib.
Xalqımızın milli sərvəti olan ana dilimizin inkişafına yönəlmiş qərarların qəbulu və həyata keçirilməsi ulu öndər Heydər Əliyevin böyük tarixi xidmətlərindən sayılır. Bu istiqamətdə atılmış vacib addımlardan biri 2002-ci il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımi şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.
Ümumiyyətlə, Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır.
Heydər Əliyev nitqimizin inkişafında mətbuatın da rolunu qeyd etmiş, bu istiqamətdə öz tövsiyələrini vermişdir. Heydər Əliyev göstərir ki, televiziya verilişlərinin aparıcıları sözləri, ifaədələri elə düzgün tələffüz etməlidirlər ki, danışığımız, nitqimiz aydın, cazibədar olsun.
Ulu öndər Heydər Əliyevin nitqi zənginliyi, emosionallığı, mükəmməlliyi ilə bir örnək, onun ictimai-siyasi natiqlik sahəsindəki təcrübəsi, istedadı isə bir məktəbdir.
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Hafizə Həsənova