Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışı ilə yeni bir tarix yaratdı

Prezident İlham Əliyev  Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışı ilə yeni bir tarix yaratdı
Prezident İlham Əliyev Səmərqənddə keçirdiyi ikitərəfli görüşlər və Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışı ilə yeni bir tarix yaratdı. Məhz həmin Zirvə Görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev türkdilli xalqların və dövlətlərin birliyinin daha da gücləndirilməsinə, beynəlxalq platformalarda birgə hərəkət etməyə çağırış edən proqram xarakterli nitq söyləmişdi.
Prezident İlham Əliyev son 7 ayda üç dəfə Özbəkistana səfər edib. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Dövlətimizin başçısının çıxışı üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli münasibətlərin yeni səviyyəyə yüksəldiyini bilmək və qarşıda dayanan hədəfləri müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Çıxışda Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olması vurğulandı. Bir daha elan edildi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığın bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu yol 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayıb. Dövlət rəhbəri böyük iqtisadi potensiala, enerji ehtiyatlarına, nəqliyyat yollarına, müasir hərbi imkanlara malik olan 200 milyonluq türk dünyasının problemlərini və onların həlli üçün səylərin birləşdirilməsinin, əməkdaşlığı genişləndirməyin vacibliyini söylədi. Bildirdi ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir.
Prezident çıxışında Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin və milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatdığını bildirdi: Gənc nəslin yaşadıqları ölkələrdə öz ana dilində təhsil almaq imkanının yaradılmasını gündəliyə gətirdi. Prezident İlham Əliyev Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin bu imkanlardan məhrum olduğunu beynəlxalq təşkilatın kürsüsündən səsləndirərək daim gündəlikdə saxlanılmasını və bu istiqamətdə lazımi addımlar atılmasının vacibliyini bildirdi. Bəyan etdi ki, Azərbaycan dövləti acı taleyin hökmü ilə ondan ayrı düşmüş soydaşlarımızın dili, ənənələri və mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətəni ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərini davam etdirəcəkdir. Qarabağın və Şərqi Zəngəzurun təcavüzkar Ermənistanın işğalından azad olunması üzərində dayanan Prezident bununla Azərbaycanın tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdiyini, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdiyini söylədi. Azərbaycan Prezidentinin çıxışında işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə diqqət yönəldildi. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Bu prosesdə Türkiyə şirkətlərinin podratçı kimi fəaliyyəti vurğulandı. Prezident digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etdi. Gördükləri işlərə görə Özbəkistan və Qazaxıstan prezidentlərinə təşəkkürünü bildirdi. Dövlət rəhbəri İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistanın sərhəddə törətdiyi hərbi təxribatlar üzərində dayanaraq İrəvanın iyrənc təbliğatını darmadağın etdi. Bildirdi ki, Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıblar və Qarabağ münaqişəsi tarixdə qalıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir.Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu iddialar əsassızdır. Azərbaycan ordusu öz torpaqlarında vuruşub və Ermənistan ordusunu məğlub edib. Biz bu gün də Azərbaycan -Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq.
Prezident İlham Əliyev Səmərqənddəki tarixi əhəmiyyətli çıxışında dünya türklərinin, o cümlədən bütün azərbaycanlıların arzu və istəklərini ifadə etdi. Səmərqənd IX Zirvə görüşü bir daha göstərdi ki, Azərbaycan digər Türk dövlətləri ilə birgə çıxdığı yolla uğurla irəliləyir, 13 il əvvəl Naxçıvanda bünövrəsi qoyulan bu əməkdaşlıq formatı daha da qüvvətlənir və genişlənir, Türk Dövlətləri Təşkilatı sürətlə regional və beynəlxalq gücə çevrilir.


Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Ağayeva Xəyalə.

Oxşar xəbərlər