Zəngilan rayonunun yeni inkişaf dövrü

Zəngilan rayonunun yeni inkişaf dövrü

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz tarixi qələbədən sonra işgaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Zəngilan rayonunda da dayanmadan, fasiləsiz bərpa işlərinə start verilib. Böyük tikinti meydanına çevrilən bölgələrdən biri olan Zəngilan rayonu həm də Şərqi Zəngəzur iqtisadi rayonunun qapısıdır, iqtisadi, siyasi-hərbi cəhətdən strateji əhəmiyyət kəsb edir.
Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan ailələr yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşıblar. Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Məcburi köçkünlərin qayıdışı üçün ilk olaraq Zəngilan rayonunun Ağalı kəndi yenidən qurulub. Burada ölkədə ilk dəfə müasir texnologiyaların tətbiqi ilə “ağıllı kənd” layihəsi icra olunmuşdur. 200 evin inşası başa çatdırılıb, daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi davam etdirilir. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri də var. Kənddə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunmuşdur. Sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayıb. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş tərəfindən birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət olunacaq.
Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması kimi amillər yüksək səviyyədə reallaşdırılıb. Bütün bunlarla bərabər, kənddə “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi, uşaq bağçası və orta məktəb inşa edilmişdir. Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılmışdır.
Bu gün Zəngilanda quruculuq işləri sürətlə gedir və artıq bu illəri Zəngilan Beynəlxalq Hava Limanı da işə salınacaq. Qeyd edim ki, Zəngəzur dəhlizinin mühüm hissəsi Zəngilan ərazisindən keçir və artıq bu istiqamətdə həm dəmir yolu xətləri, həm də avtomobil xətlərinin çəkilişi prosesi sürətlə getməkdədir. Təbii ki, bütün bu proseslər nəticəsində Zəngilan öz coğrafi və potensialına, xüsusilə də çox unikal vəziyyətinə görə beynəlxalq investisiya sırasında olan cəlbedici bir məkana çevriləcəkdir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Çünki Zəngilanda günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcəkdir. Eyni zamanda, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaqdır. Bir sözlə, Qarabağa qayıdan hər bir soydaşımız üçün orada daimi yaşamaq üçün bütün şəraitlər yaradılır.


Araz Hüseynov,
Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi


Oxşar xəbərlər