Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın  xüsusi rolu var XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra inzibati ərazi bölgüsü aparılıb. Bu bölgünün nəticələrinə görə Zəngəzur ərazisi Gəncə quberniyasına tabe olunub. Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı, Laçın buraya daxil olunub.

Sisyan, Qafan, Mehri bölgələri Ermənistana birləşdirilib. Zəngilan, Qubadlı, Laçın isə Azərbaycan ərazisi olaraq qalıb.

XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvinin yazdığına görə Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə qoyulub.

1400 ilə yaxın yaşı, 707 kvadrat kilometr sahəsi olan Zəngilan rayonu inzibati ərazi kimi 1930-cu ildə yaradıldı.

1993-cü il, oktyabr ayının 30-da sahəsi 730 kvadrat kilometr, əhalisi qırx beş mindən çox, bir şəhər, beş qəsəbə və səksən üç kənddən ibarət olan Zəngilan rayonu erməni qəsbkarlarının silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Öz doğma yurdlarından güclə didərgin düşən rayon əhalisi respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşdırılmışdı.

İşğal nəticəsində tarixi və dini memarlıq abidələri dağıdılmışdır.

Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-dən Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının komandanlığı altında aparılırdı. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan – İran sərhədi tam bərpa edilib. Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin şücaəti və vətənpərvərliyi dövlət tərəfindən qiymətləndirildi. 2020 -ci il noyabrın 26 – da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə Zəngilan rayonunun azad edilməsi uğrunda aparılan döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020 – ci il dekabrın 23-də daxil olmaqla 3 dəfə Zəngilana səfər etmiş, aparılan bərpa və quruculuq işləri ilə tanış olmuş, şəxsən özü bu işlərə nəzarət etmişdir.

Zəngilan rayonu ərazisi işğaldan azad olunandan sonra yurd yerlərimizin bərpası sürətlə davam edir. Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərində elektron idarəetmə olacaq. Bu kəndlər Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək. Layihənin icrasında Türkiyə, Çin, İsrail, İtaliya şirkətləri də iştirak edir.

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var.

Zəngilandan keçən loqistik layihələrin Zəngilan-Horadiz avtomobil yolu, Horadiz- Zəngilan-Ağbənd dəmir yolunun böyük strateji əhəmiyyəti var.

Zəngilanda inşa olunan hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-loqistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək, Naxçıvana yol açılacaq.

Zəngilan məscidi Heydər Əliyev fondu tərəfindən bərpa olunur.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin

ibtidai sinif müəllimi Şəcahan Ramazanova

Oxşar xəbərlər