Dağlıq Qarabağ münaqişəsi artıq başa çatmış, tarixə çevrilmişdir

Dağlıq Qarabağ münaqişəsi artıq başa çatmış, tarixə çevrilmişdir
Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. Vətən müharibəsinin gedişində Füzuli şəhəri daxil olmaqla rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir.
Füzuli qədim yaşayış məskənimizdir, onun qaytarılması minlərlə insanın o yerlərə qayıtması deməkdir. Müzəffər Azərbaycan ordusu şərəfli missiyanın öhdəsindən gələ bilir. Qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhərinin düşmən tapdağından azad edilməsi böyük qələbəni xalqa daha da yaxın etdi. Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması yeni strateji üstünlükləri bəxş edir. Aparılan döyüşlər ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndir.
2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Dağlıq Qarabağ münaqişəsi artıq başa çatmış, tarixə çevrilmişdir. Bu gün bizim yaşadığımız bu tarix olduğu kimi, təhrif olunmadan xalqın yaddaşında qalmalı, gələcək nəsillərə çatdırılmalıdır. Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər 30 il işğal altında olub. Bu illər ərzində insanlar min bir əziyyət çəkmiş, günahsız insanlar qurban getmiş, müsibət dolu bir zaman yaşanmışdır.


Bakıxanov qəsəbəsi, 107 saylı məktəbin
kitabxanaçısı Əliyeva Nübar

Oxşar xəbərlər