Qəhrəmanlıq və şücaət təcəssümü

Qəhrəmanlıq və şücaət təcəssümü Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşir.Cənubdan İran İslam Respublikası ilə, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Rayon öz adını rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürmüşdür.
Bu rayonunun tarixi çox qədimdir. Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Eyni zamanda bir sıra əcnəbi və yerli tarixçilərimiz öz əsərlərində bu ərazi haqqında qiymətli məlumatlar vermişlər. Rayon 8 avqust 1930-cu ildə təşkil edilsə də, 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşib, 17 iyun 1964-cü ildə isə yenidən yaradılmışdır.
Təəssüflər olsun ki, Cəbrayıl şəhəri 1993-cü il 23 avqust tarixində yerli əhalinin və Zəngilandan gələn özünümüdafiə dəstələrinin müqavimətinə baxmayaraq Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl rayonu ümumilikdə 400 nəfərə yaxın şəhid vermişdir.
Ancaq 1994-cü ildə Azərbaycan ordusu üçün uğurla nəticələnən Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi azad edilsə də, Lələ təpə yüksəkliyi ermənilərin nəzarəti altında olduğu üçün kənddə yaşayış yalnız 2016-cı ilin aprelində Lələ təpə yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildikdən sonra bərpa olunmuşdur. Əslində bu Qarabağa “böyük qayıdış” ın bir başlanğıcı idi.
Və nəhayət ki, 27 sentyabr 2020 ci il tarixində Azərbaycan ordusunun keçirdiyi əks hücum əməliyyatları nəticəsində Cəbrayıl rayonu rəşadətli Azərbaycan ordusu tərəfindən 4 oktyabr 2020-ci il tarixində işğaldan azad olundu. Bu sevincli xəbəri Azərbaycan xalqına Ali Baş Komandan İlham Əliyev verdi. Hər bir azərbaycanlı bu xəbərə çox sevinirdi.
Xatırladım ki,Vətən müharibəsi gedişində işğaldan azad olunan ilk rayon mərkəzi məhz Cəbrayıl idi. Hətta Cəbrayılı Vətən müharibəsinin ilk böyük qələbəsi də adlandırmaq olar. Biz bu qələbəni ən çoxda öz canını heçə sayan, bir an belə tərəddüd etmədən özünü düşmən gülləsinə sipər edən qəhrəmanlarımıza borcluyuq. Bəli Cəbrayılın işğaldan azad olunması əsil qəhrəmanlıq salnaməsi idi.
Məhz buna görə Azərbaycan Respublikasının “Cəbrayılın azad olunmasına görə” medalı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 26 noyabr tarixli sərəncamı ilə təsis edilmişdir. Və Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və sücayət nümayiş etdirmiş Azərbaycan Respublikasının Silahlı qüvvələrinin bir çox hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Bu meddalla təltif edilənlər siyahısında 71 nömrəli məktəbin şagirdləri olan və eyni zamanda mənim də dərs keçdiyim sonradan isə şəhidlik zirvəsinə ucalan: Əfqan Nəsirov, Nicat Xələfov, Saleh ƏIiyev, Rahim Quliyevin adını qeyd etməyi özümə borc bilirəm. Bir tarix müəllimi olaraq onları tanıdığım üçün fəxarət hissi keçirirəm. Biz
bu qəhrəman oğulları daima qəlbimizdə yaşadacağıq !!! Bir daha Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyirəm!!!
Son olaraq onu da qeyd edim ki, Cəbrayıl və digər işğaldan azad olunmuş rayonlarda sürətli olaraq quruculuq və abadlıq işləri aparılır. Cənab prezidentin bu məsələ daim diqqətindədir. Və bir neçə dəfə Cəbrayıl şəhərinə də səfər etmişdir. Yaşasın Azərbaycan! Yaşasın qəhraman Azərbaycan ordusu!!! Qarabağ Azərbaycandır!!!


Zabrat qəsəbəsi, 71 saylı tam orta məktəbin
Tarix müəllimi Şəhanə İmanova


Oxşar xəbərlər