Azərbaycan-Macarıstan əlaqələrinin inkişafında dostluq münasibətləri önəmli rol oynayır

Azərbaycan-Macarıstan əlaqələrinin inkişafında dostluq münasibətləri önəmli rol oynayır Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Prezident İlham Əliyevin mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə dost ölkəyə işgüzar səfəri də bunun bariz nümunəsidir. Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Dost ölkələrimiz arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan onlarla sənəd hüquqi bazanın möhkəmlənməsində mühüm rol oynayır. Əlaqələrimizin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin mühüm rolu xüsusi vurğulanmalıdır. Azərbaycan-Macarıstan əməkdaşlığı 2023-cü ildə imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da möhkəmlənib və hazırda münasibətlərin yeni mərhələyə qədəm qoymasını təmin edir. Sənəd ölkələrimiz arasında təkcə ikitərəfli münasibətlərin deyil, həm də regional və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsini hədəfləyən kompleks çərçivə təqdim edir. Tərəflər bu sənəd ilə qarşılıqlı hörmət, suverenlik və bərabərlik prinsiplərinə əsaslanan uzunmüddətli əməkdaşlığa sadiq olduqlarını bəyan ediblər.
Azərbaycan-Macarıstan əlaqələri çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Avropa İttifaqı, “Şərq Tərəfdaşlığı” Proqramı, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla inkişaf etdirilir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayır.
Əlbəttə ki, Azərbaycan-Macarıstan münasibətləri bütün digər məsələlərdə iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstərəcək. Bunu imzalanan sazişlər, qurulan dostluq körpüləri, perspektiv planlar da sübut edir. Məlumdur ki, ötən il Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilmişdir. Bu il həmin ikinci qeyri-rəsmi Zirvə görüşünün Macarıstanda keçirilməsi bu dövlətin öz tarixi köklərinə bağlılığının, qarşılıqlı münasibətlərə böyük önəm verməsinin və doğrudan da, müstəqil siyasət aparmasının bariz sübutudur.
Əfsanə Rəhimova-Pirşağı bələdiyyəsinin sədri

Oxşar xəbərlər