Azad müəllim: Xocalı – Tarixin Ağrısından Zəfərin Zirvəsinə

Azad müəllim: Xocalı – Tarixin Ağrısından Zəfərin Zirvəsinə İş adamı Azad müəllim - 2024-cü il 26 fevral tarixində Azərbaycan xalqı tarixinin ən ağrılı səhifələrindən biri olan Xocalı soyqırımının ildönümünü ilk dəfə olaraq artıq işğaldan azad edilmiş Xocalı şəhərində andı. Bu hadisə təkcə anım mərasimi deyil, həm də tarixi ədalətin təntənəsi idi. Uzun illər boyu nisgil, ağrı və həsrətlə yad edilən Xocalı artıq azad səmasında Azərbaycan bayrağının dalğalandığı bir məkana çevrilmişdi. Həmin gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xocalı Soyqırımı Memorial Kompleksinin təməlini qoyaraq tarix qarşısında verilmiş sözün yerinə yetirildiyini bütün dünyaya nümayiş etdirdi.

Dövlət başçısı rayon ictimaiyyəti ilə görüşündə xüsusi olaraq vurğuladı ki, bu memorial kompleksin layihəsi əslində illər öncə hazır idi. Hətta Bakıda Xocalı soyqırımı abidəsinin yaxınlığında onun inşası üçün yer də müəyyən edilmişdi. Lakin Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu layihənin icrası məqsədli şəkildə təxirə salınmışdı. Çünki dövlətimizin başçısı inanırdı və bilirdi ki, Azərbaycan xalqı bir gün mütləq öz doğma torpaqlarına qayıdacaq və Xocalının memorialı məhz Xocalının özündə ucaldılmalıdır. Bu qərar strateji baxışın, siyasi iradənin və tarixi ədalətə inamın təcəssümü idi.

2003–2020-ci illər ərzində Azərbaycan dövləti bütün imkanlarını, iqtisadi gücünü, diplomatik səylərini və hərbi potensialını əsas məqsədə – torpaqların azad olunmasına yönəltdi. Ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, müasir silah sistemlərinin alınması, peşəkar kadr hazırlığı və beynəlxalq diplomatiyada aparılan məqsədyönlü siyasət gələcək qələbənin təməlini formalaşdırdı. Bu 17 illik sistemli və planlı hazırlıq mərhələsi 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş İkinci Qarabağ müharibəsi zamanı öz möhtəşəm nəticəsini verdi.

44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının həmrəyliyinin, ordumuzun gücünün və Ali Baş Komandanın qətiyyətinin bariz nümunəsinə çevrildi. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın böyük hissəsi azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam bərpa olundu. Bununla da separatizmin və erməni faşizminin Azərbaycan torpaqlarında mövcudluğuna son qoyuldu.

Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Xocalısız və Xankəndisiz qələbə tam sayıla bilməz. Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmış, minlərlə ailənin taleyinə qara hərflərlə yazılmış bir faciədir. Məhz buna görə də 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağının qaldırılması təkcə hərbi-siyasi qələbə deyil, həm də mənəvi ədalətin bərpası idi. Bu hadisə bütün dünyaya Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyini və bundan sonra bu torpaqlarda separatizmə yer olmayacağını nümayiş etdirdi.

“Xocalıya ədalət!” çağırışı illər boyu beynəlxalq tribunlardan səsləndirildi. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı kampaniyalar nəticəsində bir çox ölkələrdə konfranslar, sərgilər, təqdimatlar təşkil olundu, kitablar və məqalələr dərc edildi. 18 ölkənin Xocalı soyqırımını tanımasına nail olunsa da, böyük dövlətlərin və bəzi beynəlxalq təşkilatların bu məsələdə susqunluğu ədalətin gecikməsinə səbəb oldu. Lakin Azərbaycan xalqı sübut etdi ki, ədalət geciksə də, mütləq bərpa olunur.

Artıq 2026-cı ildir və Xocalı yeni inkişaf mərhələsinə qədəm qoyub. Şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, müasir yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar və inzibati binalar tikilir. İnfrastruktur tamamilə yenidən qurulur, yollar çəkilir, elektrik, su və qaz xətləri müasir standartlara uyğun şəkildə bərpa edilir. “Ağıllı şəhər” konsepsiyası çərçivəsində Xocalı müasir texnologiyalarla təchiz olunan yaşayış məkanına çevrilir.

Ən önəmlisi isə Xocalı sakinlərinin mərhələli şəkildə doğma torpaqlarına qayıdışıdır. Uzun illər məcburi köçkün həyatı yaşayan insanlar artıq öz evlərinin açarlarını alır, doğma ocaqlarında yenidən həyat qururlar. Bu qayıdış təkcə fiziki köç deyil, həm də mənəvi dirçəlişdir. İnsanlar ata-baba yurdlarında yeni ümidlərlə yaşayır, dağıdılmış həyatlarını yenidən qururlar.

Bu gün Xocalı həm şəhidlərin xatirəsinin əziz tutulduğu müqəddəs bir məkan, həm də gələcəyə doğru inamla addımlayan bir şəhərdir. Burada ucaldılacaq Soyqırımı Memorial Kompleksi gələcək nəsillərə tarixi həqiqətləri çatdıracaq, eyni zamanda Azərbaycan xalqının əyilməz iradəsinin simvolu olacaq. Xocalı artıq təkcə faciənin adı deyil, həm də qələbənin, dirçəlişin və Böyük Qayıdışın rəmzidir.

Tarix göstərdi ki, Azərbaycan xalqı heç vaxt öz torpaqları ilə barışmır, ədalətsizliklə razılaşmır və milli yaddaşını unutmur. Xocalının azad olunması və bu gün sakinlərin mərhələli şəkildə doğma yurdlarına qayıtması dövlət-xalq birliyinin, güclü siyasi iradənin və milli həmrəyliyin nəticəsidir. Xocalıdan başlayan bu dirçəliş prosesi Azərbaycanın gələcək inkişaf salnaməsində qızıl hərflərlə yazılacaq və hər bir azərbaycanlı üçün qürur mənbəyi olaraq qalacaq.

Oxşar xəbərlər