Səfər münasibətlərdə dönüş nöqtəsi oldu

Səfər münasibətlərdə dönüş nöqtəsi oldu Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunmamış böyük potensial var. 2013-cü ildən etibarən iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq çərçivəsində, tam anlaşma və qarşılıqlı maraqlarımıza hörmət şəraitində inkişaf edir. Səfər zamanı siyasi əməkdaşlıq, beynəlxalq arenada qarşılıqlı dəstək, enerji, kənd təsərrüfatı kimi qarşılıqlı maraq doğuran ən mühüm məsələlərin yüksək səviyyədə müzakirəsi mümkün olub. Belə ki, fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi olub.
Səfər çərçivəsində Azərbaycanın digər tərəfdaş ölkələrlə formalaşdırdığı yeni əməkdaşlıq modeli Serbiya ilə münasibətlərdə də öz təsdiqini tapdı. Hər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Görüşlər zamanı verilən açıqlamalar göstərdi ki, Azərbaycan və Serbiya arasında yüksək etimada əsaslanan münasibətlər mövcuddur. Bu əməkdaşlıq iqtisadiyyat, ticarət, investisiya və sənaye sahələrini, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı siyasi və hüquqi dəstəyi əhatə edir. Eyni zamanda kənd təsərrüfatı, enerji, infrastruktur və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı konkret niyyətlər ifadə olundu.
Serbiyanın coğrafi mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Avropanın mərkəzinə yaxın yerləşən və Aralıq dənizi hövzəsinə çıxış imkanları olan bir ölkə kimi Serbiya ilə strateji əməkdaşlığın gücləndirilməsi Azərbaycanın Avropa ilə münasibətlərinə əlavə töhfə verir. Baxmayaraq ki, Serbiyanın bəzi Avropa strukturları ilə münasibətlərində müəyyən çətinliklər mövcuddur, bu hal Azərbaycan-Serbiya tərəfdaşlığının inkişafına mane olmur.
Ümumilikdə, Azərbaycan-Serbiya münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda geniş əməkdaşlıq tarixinə malikdir. Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində yeni mərhələyə yüksəldilməsi baxımından son səfər xüsusilə əlamətdar və məhsuldar kimi qiymətləndirilə bilər. Hazırkı geosiyasi şəraitdə, Avropada iqtisadi və təhlükəsizlik problemlərinin dərinləşməsi fonunda, bir sıra Avropa dövlətləri, o cümlədən Serbiya üçün Azərbaycanla əməkdaşlıq daha da aktuallaşıb. Azərbaycan sabit və etibarlı tərəfdaş kimi həm enerji, həm də siyasi baxımdan regionda mühüm rol oynayır. Beləliklə, Azərbaycan-Serbiya münasibətləri strateji tərəfdaşlıq xətti üzrə inkişaf edir və mövcud dinamika göstərir ki, qarşıdakı illərdə bu əlaqələr daha da genişlənəcək.
Alidə Aslanova – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar xəbərlər