“Paşinyan Putinə "sillə" vurdu” - sabiq nazirdən şok açıqlamalar

“Paşinyan Putinə Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən son görüşdən sonra Qarabağ mövzusunun yenidən gündəmə gətirilməsi Azərbaycanla şimal qonşusu arasında siyasi ritorikanın sərtləşməsinə səbəb olub. Xüsusilə, Rusiya rəsmilərinin Qarabağ barədə açıqlamalarının davam etməsi Azərbaycanın haqlı narazılığı ilə qarşılanır və bu məsələ artıq açıq diplomatik müstəviyə daşınıb.

Kreml niyə "Qarabağ kartı"nı yenidən dövriyyəyə buraxır? Paşinyan hakimiyyəti bu ritorikadan necə istifadə edir?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-a açıqlamasında kifayət qədər sərt danışdı: "Rusiyadan bundan artıq nə gözləmək olar ki? Heç nə! Rus imperiyası yüz illərdir ki, Cənubi Qafqazda xalqlar arasında nifaq salmaqla, gərginlik yaratmaqla məşğuldur. Uzun illər ərzində onlar bölgədə bu yolla qala biliblər. Ruslar tarix boyu Cənubi Qafqazda erməni və Azərbaycan xalqlarının bir araya gəlib, sülh-əminamanlıq şəraitində yaşamalarından qorxublar. Ona görə də daima ermənilərlə azərbaycanlılar arasında qarşıdurma yarada biləcək nifaq toxumları əkməklə məşğul olublar.

Sovet İttifaqı dağılan ərəfədə bu toxumların necə cücərtməyə başladığını biz gördük. Ermənilərlə Azərbaycanlılar arasında yaradılmış qarşıdurma nəticəsində 30 ildən çox zaman kəsiyində hər iki tərəfdən nə qədər qanlar töküldü, on minlərlə insan həyatını itirdi, bölgədə böyük bir faciə yaşandı. Bütün bu qanlar Rusiyanın siyasi elitasının və bütövlükdə rus xalqının vicdanına yazılmalıdır.

Rusiya paytaxtında Paşinyan - Putin görüşündə Ermənistanın baş naziri tərəfindən sərt bir şapalaq alan Rusiya siyasi elitası bu görüşdən ötən müddət ərzində özünə gələ bilmir. Paşinyan bunların kabusuna çevrilib. Çünki o dövlətinin Rusiyanın əlində oyuncaq olmasına qarşıdır. Rusiya isə onun bu baxışlarını həzm edə bilmir.

Rus imperiyasının əlindən Cənubi Qafqazdakı ən böyük təsir aləti – Qarabağ çıxıb. Azərbaycan və Ermənistanın iki ölkə arasında sülh yaratmaq yolundakı addımları Rusiyanın bölgə siyasətinə tam ziddir. Rusiya iki dövlətin bu şəkildə bir araya gəlməsindən şokdadır və özünə gələ bilmir. Paşinyanın "Qarabağ Azərbaycandır" deməsindən sonra Putin və onun komandası, Kremlin sözünü deyən yaramazlar sürüsü ağır nakauta düşüblər və bu vəziyyətdən çıxmaq üçün çaba göstərirlər. Lakin hər dəfə də yeni zərbələr alırlar. Paşinyanın son dəfə bunlara vurduğu sillə də dediklərimizin sübutudur.

Bu gün bəşəriyyətin Rusiya, Şimalı Koreya və İran kimi üç ən böyük bəlası var və onların ən təhlükəlisi Rusiyadır! Ona görə də İran molla rejimi ilə bağlı problem çözüldükdən sonra dünya birliyi bəşəriyyəti Rusiya bəlasından mümkün qədər tez xilas etmək yolunda mücadiləyə başlamalıdır. Rusiya bəlası ortadan götürüldükdən sonra dünyada onun dəstəklədiyi İran və Şimali Koreya kimi rejimlər də asanlıqla çökəcəklər".

Oxşar xəbərlər