Yüksək səviyyəli siyasi dialoq davam edəcək

Yüksək səviyyəli siyasi dialoq davam edəcək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 fevral tarixində Serbiya Respublikasına səfəri zamanı verdiyi bəyanat iki ölkə arasında strateji tərəfdaşlıq və səmimi dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Prezident çıxışında qeyd etdi ki, Azərbaycan və Serbiya arasında təmaslar uzun illərdir ki, davam edir, dövlət başçıları bir-birini yaxından tanıyır, səmimi söhbətlər aparır və bu əlaqələr şəxsi dostluq münasibətləri ilə daha da möhkəmlənir.
Dövlət başçısı vurğuladı ki, Serbiya xalqı bütün tarixi dövrlər ərzində öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmiş, bunun naminə ciddi qurbanlar vermişdir. Prezident İlham Əliyev bildirdi ki, Serbiyanın dövlətçilik ənənələrinə sadiqliyi, milli maraqlarını qətiyyətlə müdafiə etməsi Azərbaycan xalqı tərəfindən də böyük hörmətlə qarşılanır. O, Serbiya Prezidentinə müraciətlə qeyd etdi ki, onun dövlət başçısı kimi əsas prinsipinin dövlətçiliyi və dövlət maraqlarını hər şeydən üstün tutmaq olduğunu yaxşı bilir və yüksək qiymətləndirir.
Prezident İlham Əliyev Serbiyanın hazırkı inkişafını bu düzgün siyasi xəttin nəticəsi kimi səciyyələndirərək qeyd etdi ki, Serbiya bu gün beynəlxalq müstəvidə böyük hörmət qazanmış, eyni zamanda iqtisadi və sosial sahələrdə mühüm islahatlar həyata keçirmişdir. Onun sözlərinə görə, təbii sərvətləri məhdud olan bir ölkə olmasına baxmayaraq, Serbiya öz daxili imkanlarına arxalanaraq, heç bir yerdən yardım almadan, müstəqil şəkildə iqtisadi cəhətdən uğurla inkişaf edir. Prezident bunu xüsusilə indiki mürəkkəb beynəlxalq şəraitdə, Avropa məkanında yerləşən ölkə üçün xüsusi əhəmiyyət kəsb edən amil kimi qiymətləndirdi.
Dövlət başçısı həmçinin qeyd etdi ki, Azərbaycan və Serbiya arasında münasibətlər qarşılıqlı hörmət, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə dəstək prinsiplərinə əsaslanır. Onun fikrincə, bu siyasi iradə və liderlər arasında formalaşmış şəxsi dostluq iki ölkə arasında əməkdaşlığın gələcək illərdə daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta ümumtəhsil məktəbinin
direktoru Mehriban Hacıyeva

Oxşar xəbərlər