Xəyal tərəzisi və yaşamağın tematikası

Xəyal tərəzisi və yaşamağın tematikası
Dərin bir xəyalın içinə çəkilmişdim. Elə bir xəyal ki, insanı sükuta məcbur edir, düşüncəni düşüncənin içində azdırır.

Bu arada öz-özümə sual verirdim: doğrudanmı bu qurduğum xəyallar bir gün gerçəyə çevriləcəkmi? Yoxsa onlar sadəcə ruhumu ovudan, məni yaşadan, amma heç vaxt qapısını aça bilmədiyim ümid pəncərələri olacaq?

Bu sualların ağırlığı ilə xəyallardan asta-asta ayrılmağa çalışırdım. Amma vaz keçə bilmirdim. Gerçəkləşməsi üçün dua etmək isə imanımın şəlaləsindən süzülüb axmağa yollar açırdı. Təvazökarlıqdan içimdə bir duyğu, bir hiss də var idi — adı dua. Hara getsəm də acizliyimi etiraf etmək, eyni zamanda ümidimi göylərə bağlamaq… “İlahi” deyərək içimdəkiləri Allaha danışdığımı duymaq mənə yad olmurdu.

Bütün bunlardan ayrılıb gözlərimi açanda görürdüm ki, bir səki var, bir də mən. Başqa heç nə. Nə izdiham, nə səs-küy… Sadəcə addımlarım və içimdəki səs ruhumla həvəs tematikası qurmağa can atır.

Hər addımımda dua etdikcə elə bil məni uğura doğru aparırdı. Səki susurdu, amma cavab verirdi. Yol danışmırdı, amma dinləyirdi. Bu arada yolun kənarında iki insanın söhbəti diqqətimi çəkəndə onları da özümə bənzətdim. Sanki mənim gələcək planlarımdan, həyatımdan danışırdılar: arzular, niyyətlər, ehtimallar… Sözləri tam eşitmirdim, amma hiss edirdim. Bu mənzərə məni bir az da həvəsləndirirdi. Demək, tək deyiləm. Demək, hər kəs öz səmasında eyni ulduzları axtarır.

O an həyatın mənasını dərk etmək, yaşamaq hissim bir az da böyüyürdü. Sən demə, həyatın şirinliyi uzaq hədəflərdə, əlçatmaz zirvələrdə deyilmiş. Həyat elə səkidə atılan addımların özündə imiş. Addım atıramsa — deməli, irəliləyirəm. Ətrafı görürəmsə — deməli, şükür etməyi bacarıram. Xəyallara dalıramsa — deməli, hələ də ruhum sağdır. Bunların hamısı bir yerdə yaşamağın elə özüdür, deyə-deyə təsəlli alırdım.

İnsan bəzən elə bilir ki, yaşamaq üçün böyük səbəblər lazımdır. Halbuki yaşamaq elə özü səbəb imiş. Bu çevrədə fırlanırmış: sağlam olmaq, ağrılardan uzaq bir an yaşamaq, rahat nəfəs almaq — insanın özünü yenidən özünə bağışlaması demək imiş. Mən də o an özümü özümə bağışladım, harada olduğumu, nə üçün yaşadığımı bir daha xatırladım.

O an həyata yenidən gəldiyimi, hər şeyin güllər qədər pak və təmiz olduğunu anladım. Bir səsin içimə doğduğunu hiss etdim: *“Davam et.”*

Mən də etdim. Çünki yaşamağı verilən ən böyük dəyər və sevgi kimi anlamaq həyatıma rəngarənglik qatdı. Xəyal qurmaq isə bu mükafatın ən həzin, ən saf zövqüdür, dedim. Zövq özü elə yaşamın bir tərəzisidir, düşünüb tarazlığı o vaxtdan saxlamağı qərar verdim.

Bəhram Bilaloğlu

Oxşar xəbərlər