
Bunu azərbaycanlı “Çarli Çaplin” Mehman Abdullayevin Milli.Az-a müsahibəsi zamanı deyib.
– Hansısa teatrda çalışmısınız?
– Bəli, teatrda çalışmışam, amma siz özünüz bilirsiniz ki, teatrda maddiyat çox zəifdir. Ona görə də teatrı tərk etmişəm.
– Yolda, küçədə insanlar sizi necə qəbul edir?
– Təbii ki, bu obraz mənə kompleks yaşadır. Dəfələrlə avtobusla gedib-gəlmişəm. Bir neçə ildir ki, yalnız taksidən istifadə edirəm.
– Kompleksə görə?
– Bəli, insanlar qəribə baxırdılar, söz atırdılar. Kimlərsə məni incitməsin deyə taksidən istifadə edirəm. Deyə bilmərəm ki, məni hamı qəbul edir. Qəbul edən də var, etməyən də.
– Çarli olmaq sizə neçəyə başa gəlib?
– Çarli olmaq üçün, ilk öncə, insanın görünüşü buna imkan verməlidir. Hər balacaboy aktyordan da Çarli olmaz. Çarlinin özünə uyğun mimikaları, jestləri, hərəkətləri var. Bunları bilmək çox vacibdir. Bundan əlavə geyim də böyük rol oynayır. Mən 2-3 ildən bir özümə yeni kostyum tikdirirəm. Qazancımın yarı hissəsi, demək olar ki, elə kostyumlara gedir.
– Qazancınız hardandır?
– Qazancımı Allah yetirir. Ad günlərinə, toy şənliklərinə dəvətlər alıram. Həm böyükləri, həm də balacaları əyləndirirəm.
– Bu obrazdan gələcəkdə başqa necə istifadə etmək istərdiniz?
– Mənim hal-hazırda yalnız bir arzum var. O da Çarli Çaplin haqda film çəkib, özümü dünyaya tanıtmaqdır. Siz bilirsiniz ki, hər il Çarli Çaplinin oxşarları yarışması keçirilir. Mən də orada iştirak etmək istərdim. Bu sahədə mənə böyük dəstək lazımdır.