
Əmək Məcəlləsinə görə, hər bir işçi normallaşdırılmış iş vaxtında çalışmalı, istirahət və bərpa hüququ ilə təmin edilməlidir. İşəgötürən isə bu hüququn qorunmasına zəmanət verməlidir. Lakin reallıq bəzən qanunun mətni ilə həyati zərurət arasında qalan incə bir körpüdür. Bəzən təşkilatın imkanları məhduddur, bəzən kadr çatışmazlığı yaranır, bəzən isə məsuliyyət hissi elə güclü olur ki, işçi öz rahatlığını işin xeyrinə fəda edir.
Burada sual doğur: qanun harada bitir, vicdan harada başlayır?
Cavab bəlkə də sadədir — qanun insana hüquq verir, vicdan isə insana istiqamət göstərir. Qanun qoruyur, vicdan isə yönəldir.
Bir işçi 24 saat fəaliyyət göstərən bir təşkilatda növbəsiz çalışırsa, o artıq sistemin təkərini döndərən görünməz qüvvədir. O, hər an hazır olur, hər hadisəyə cavab verir, məsuliyyəti bölüşəcək ikinci bir nəfər yoxdur. Bu, həm fiziki, həm də psixoloji gərginlik yaradır. Amma o, yenə də dayanır, çünki bilir: bu iş onun imzasıdır, onun məsuliyyəti, onun vicdanıdır.
Belə insanları çox vaxt heç kim görmür. Onlar səssiz, lakin möhkəm dirəklər kimi sistemin içində dayanır. Hər kəsin istirahət etdiyi bir vaxtda, onlar işin sabitliyini qoruyur. Bu fədakarlıq qanunla ölçülməz, bu — mənəvi dəyərdir.
Ancaq unutmamalıyıq: işçinin fədakarlığı rəhbərliyin məsuliyyətini azaldan deyil, artıran haldır. Əmək qanunvericiliyi işəgötürənin borcunu açıq şəkildə müəyyən edir: iş şəraitini normaya uyğunlaşdırmaq, istirahət hüququnu təmin etmək və işçinin tükənməsinin qarşısını almaq.
Əgər bir təşkilat 24 saat fəaliyyət göstərirsə, orada növbəli sistem yaradılmalı, iş yükü bölüşdürülməlidir. Əks halda, fədakarlıq bir müddət sonra yorğunluğa, yorğunluq isə səhvlərə və tükənməyə gətirib çıxarır. O zaman nə işin keyfiyyəti qalır, nə də insanın sağlamlığı.
Ədalətin tərəzisi yalnız qanunla deyil, həm də münasibətlə ölçülür. İşçiyə verilən dəyər, ona göstərilən etimad və qayğı — həm insanlıq, həm idarəetmə, həm də milli mədəniyyət məsələsidir.
Vicdanla işləmək – yalnız tapşırığı yerinə yetirmək deyil. Bu, işinə ruh qatmaq, əməyinə mənəviyyat əlavə etməkdir. Hər bir işçi öz işini sanki cəmiyyətin bir parçası kimi görsə, orada sistem də, mühit də dəyişər.
Vicdanlı insan təkcə iş vaxtına deyil, əməyinin mənasına da diqqət edir. Onun üçün hər bir görülən iş bir iz buraxmaqdır. O iz, bəzən bir sənəddə deyil, bir davranışda, bir səmimiyyətdə, bir düzgünlükdə qalır.
İnsan sadəcə işləmək üçün deyil, həm də yaşamaq, düşünmək və dincəlmək üçün yaradılıb. Əgər iş həyatın bütün zamanını alırsa, orada balans pozulur. Qanun bu balansı qorumaq üçün var, vicdan isə onu yaşatmaq üçün.
Ona görə də hər bir təşkilat, xüsusən də fasiləsiz fəaliyyət göstərən müəssisə, iş vaxtının tənzimlənməsi və növbəli sistemin qurulması barədə ciddi düşünməlidir. Bu həm qanunvericiliyin tələbi, həm də mənəvi borcdur.
Əgər hər rəhbər bir az da vicdanla idarə etsə, hər işçi bir az da məsuliyyətlə çalışsa, onda işin də, həyatın da rəngi dəyişər. Orada artıq “əmək münasibətləri” yox, “insan münasibətləri” yaranar.
İnsan elə bir varlıqdır ki, qanun onu istiqamətləndirir, amma vicdan onu ucaldır.
Əgər hər təşkilatda bir az da bu düşüncə olsaydı, orada yalnız iş vaxtı deyil, *insan vaxtı da qorunardı.*
Bəhram Bilaloğlu