Britaniya parlamentində İranla bağlı sensasion iddia səsləndirilib.Böyük Britaniya parlamentinin üzvü Tom Tuqendhat Rusiyaya məxsus yük təyyarələrinin Tehrana enərək İrandan böyük həcmdə qızıl apardığını bəyan edib.
Parlamentarinin sözlərinə görə, bu faktlar İran hakimiyyətinin mümkün hakimiyyət dəyişikliyinə hazırlaşdığını göstərə bilər. O bildirib ki, müşahidələr Rusiyanın yük təyyarələrinin Tehrana tez-tez enib-qalxdığını göstərir.
“Biz həmçinin Rusiyanın yük təyyarələrinin Tehrana uçaraq oraya enməsini görürük – ehtimal ki, silah və döyüş sursatı ilə. Eyni zamanda İrandan böyük həcmdə qızılın çıxarılması barədə məlumatlar alırıq”, – deyə Tuqendhat parlamentdə çıxışı zamanı vurğulayıb.
Britaniyalı deputat hökumətə müraciət edərək bu məlumatlara münasibət bildirilməsini istəyib və əlavə edib ki, səsləndirilən faktlar “rejimin öz süqutuna hazırlaşdığını” göstərən ciddi siqnallar ola bilər.