Dekabrın 8-də Bratislavada baş tutan görüş zamanı — cənab Prezident İlham Əliyev Slovakiya dövləti ilə Azərbaycan arasındakı münasibətləri «sözün əslində dost ölkələr və strateji tərəfdaşlar» adlandırdı. Bu bəyanat təkcə rəmzi söz deyil,“Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” ilə münasibətlər artıq yeni, daha dərin fazaya daxil olub. Həmin bəyannamə ilə yanaşı, Slovakiya və Azərbaycan müdafiə-texniki əməkdaşlıq sənədləri də imzalamışdı — bu da tərəflərin qarşılıqlı maraqlarının yalnız enerji və iqtisadiyyatla məhdudlaşmadığını göstərirdi. İndi, bir ildən sonra, bu əməkdaşlıq daha konkret addımlar və nəticələrlə müşahidə olunur.
Slovakiya səfəri zamanı Prezident İlham Əliyevin verdiyi bəyanat təkcə ikitərəfli əlaqələrin yox, həm də daha geniş geosiyasi balansın mühüm mesajlarını özündə ehtiva edir. Azərbaycan–Slovakiya münasibətləri artıq klassik diplomatik əməkdaşlıq çərçivəsini aşaraq Avropanın enerji təhlükəsizliyi, Şərq-Qərb nəqliyyat dəhlizləri, rəqəmsal transformasiya və müdafiə sənayesi kimi strateji sahələrə nüfuz edir.
Energetika sahəsində əməkdaşlıq bu əlaqələrin əsas sütunlarından biridir. Cənab prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan qazının Slovakiyaya ilk dəfə ixracı həyata keçirilib. Slovakiya Azərbaycanın qaz ixrac etdiyi 14-cü Avropa dövləti olaraq enerji təhlükəsizliyi xəritəsində əlamətdar yer tutur.
Bununla yanaşı, tərəflər “yaşıl enerji” və bərpa olunan enerji sahəsində də əməkdaşlıq perspektivlərini müzakirə edirlər. Bu, yalnız qaz ixracı ilə kifayətlənməyən, eyni zamanda daha müasir enerji yanaşmalarına açıq münasibət deməkdir.
Cənab prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan bölgənin nəqliyyat-logistika baxımından önəmli körpüsünə çevrilmək istəyir — öz infrastrukturuna, enerji və nəqliyyat investisiyalarına verdiyi önəm bu məqsədə xidmət edir. Sitatda qeyd olunur ki, Azərbaycanın rolu Şərq ilə Qərb arasında “körpü” kimi nəzərdə tutulur.
Belə bir strategiyanın həyata keçirilməsi üçün coğrafi mövqe, infrastruktur investisiyaları və siyasi iradə önəmlidir — və Azərbaycan bu amilləri öz lehinə formalaşdırır. Bu baxımdan, Slovakiya ilə münasibətlər nəqliyyat və loqistika sahəsində əməkdaşlıq potensialını genişləndirə bilər: Slovakiya Avropanın mərkəzində yerləşir və Orta Dəhliz kimi tranzit marşrutlarının Avropa hissəsinə çıxışda vacib rol oynaya bilər. Bu dəhliz Avropa ilə Asiyanı birləşdirən ən etibarlı xətt kimi formalaşır.
Prezident Əliyev bəyan etdi ki, Azərbaycanın enerjiyə olan potensialı — hazırda istifadəyə verilməmiş təqribən 2 giqavatlıq enerji ehtiyatı — data mərkəzləri və süni intellekt sahələrində fəaliyyət üçün əlverişlidir, və bu baxımdan Slovakiyalı şirkətləri Azərbaycana dəvət etdiklərini bildirdi.
Bu fikir Azərbaycanın yalnız neft-qaz ixrac edən ölkə kimi yox, həm də rəqəmsal infrastrukturu olan, enerji bolluğu və investisiya imkanları ilə Avropa və Asiyaya xidmət edə bilən yüksək strateji mərkəzə çevrilmək istəyini göstərir.
Belə investisiyalar, eyni zamanda, regional inteqrasiyanı, beynəlxalq ticarət–loqistika və data axınlarını artırmaq baxımından da faydalı ola bilər.
8 dekabr 2025-ci il Bratislava səfəri göstərdi ki, Azərbaycan–Slovakiya münasibətləri sadəcə dövlətlərarası protokollarla deyil — reallıqda, gündəlik nəticələrlə, investisiya qərarları ilə, enerji, nəqliyyat, texnologiya və müdafiə sahələrində real əməkdaşlıqla inkişaf edir.
Mövcud bəyannamələr, layihələr və birgə strategiyalar göstərir ki, bu tərəfdaşlıq yalnız formal deyil — əhəmiyyətli praktiki məna daşıyır. Azərbaycanın Avropa ilə inteqrasiyası, Orta Dəhliz yolu, enerji daşınmaları, texnoloji layihələr və regionda sabitlik üçün belə bir əməkdaşlıq vacibdir.
Dolayısıyla, bu səfəri sadəcə diplomatik jest kimi yox — Avropa–Qafqaz xəttində strateji, çoxşaxəli və gələcəyə yönəlik ciddi addım kimi dəyərləndirmək lazımdır.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Mətanət Əliyeva