Azərbaycan Respublikasının prezidenti İlham Əliyev-in 2025-ci ilin 8 dekabr tarixində Bratislava — Slovakiya səfər edib.Prezident İlham Əliyevin Bratislavadakı birgə mətbuat konfransında səsləndirdiyi fikirlər Slovakiya–Azərbaycan münasibətlərinin son illərdə əldə etdiyi dinamik inkişafı aydın şəkildə ortaya qoyurdu. O, çıxışında vurğuladı ki, iki ölkə arasında mövcud olan əməkdaşlıq yalnız diplomatik protokolun çərçivəsini aşır və bu münasibətlərin arxasında real etimad, qarşılıqlı anlayış, uzun illərin sınağından çıxmış tərəfdaşlıq dayanır. Azərbaycanın Slovakiya ilə münasibətlərə verdiyi yüksək qiymətin ifadəsi kimi səsləndirilən bu vurğular siyasi xəttin ardıcıllığını və Avropa ilə dialoqun yeni müstəvisini nümayiş etdirirdi.
Bəyanatda diqqəti cəlb edən mühüm məqamlardan biri ondan ibarət idi ki, Azərbaycan–Slovakiya əlaqələri artıq formallıq mərhələsini keçib və strateji tərəfdaşlıq statusu real məzmunla doldurulur.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, imzalanmış sənədlər, xüsusilə Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, yalnız rəsmi əməkdaşlıq mexanizmi deyil, iki dövlət arasında uzunmüddətli siyasi xəttin konturlarını müəyyənləşdirən çərçivədir. Prezident bəyanatında bu sənəddən sonrakı dövrdə bütün sahələr üzrə əməkdaşlığın fəallaşmasını xüsusi qeyd edərək bildirdi ki, Bratislava ilə Bakı arasında əlaqələr ardıcıl şəkildə dərinləşir.
Enerji təhlükəsizliyi məsələləri bəyanatın əsas istiqamətlərindən biri kimi ön plana çıxırdı. Prezident İlham Əliyev Azərbaycanın Avropaya etibarlı qaz tədarükçüsü olduğunu, bu rolun illərdir sabit şəkildə davam etdiyini və yeni əməkdaşlıq formatları üçün geniş imkanlar yaratdığını qeyd etdi. O vurğuladı ki, Azərbaycanın qaz təchizatında etibarlılığı Avropa üçün strateji əhəmiyyət daşıyır və Slovakiya bu enerji xəttinin gələcək mərhələlərində iştirak etməkdə maraqlı tərəf kimi çıxış edə bilər. Bu mesaj, həmçinin Cənub Qaz Dəhlizinin genişləndirilməsi fonunda Slovakiyanın potensial rolunun nəzərə alınması demək idi.
Bəyanatda nəqliyyat-kommunikasiya xəttində əməkdaşlığın xüsusi yeri olduğu da ifadə olundu. Prezident Azərbaycanı Avrasiyanın şərq–qərb və şimal–cənub logistika arteriyalarının kəsişdiyi nöqtə kimi xarakterizə edərək Slovakiya ilə bu sahədə əməkdaşlığın qarşılıqlı fayda verəcəyini bildirdi. Azərbaycanın yaratdığı yeni logistika infrastrukturu — Bakı Limanı, dəmir yolu marşrutları, Şərq–Qərb dəhlizinin genişləndirilməsi — Avropanın mərkəzində yerləşən Slovakiya üçün alternativ ticarət yolları deməkdir. Bəyanatdan görünürdü ki, Bratislava bu imkanlara böyük maraq göstərir və iqtisadi əlaqələrin genişləndirilməsi üçün real potensial mövcuddur.
İqtisadi əməkdaşlığın çoxşaxəliliyi də prezidentin çıxışında geniş yer almışdı. O qeyd etdi ki, təkcə enerji deyil, sənaye, texnologiya, kənd təsərrüfatı, alternativ enerji və investisiya sahələri üzrə də əməkdaşlıq intensiv xarakter alır. Azərbaycanın regionda həyata keçirdiyi yeni sənaye zonaları, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, bərpa olunan enerji zonaları Slovakiya şirkətləri üçün yeni bazarlar və əməkdaşlıq platformaları yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Slovakiyanın texnoloji potensialı ilə Azərbaycanın enerji və logistika imkanlarının birləşməsi hər iki ölkə üçün böyük iqtisadi sinerji formalaşdıra bilər.
Prezidentin bəyanatında humanitar əlaqələrin genişləndirilməsinə dair mesajlar da diqqət çəkirdi. O, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinin dövlətlərarası münasibətlərin davamlılığını təmin edən mühüm amil olduğunu qeyd etdi. Azərbaycanın multikultural dəyərlərə verdiyi önəm, Slovakiyanın Avropadakı mədəni-tarixi mövqeyi ilə uyğunluq təşkil edir. Bu çərçivədə təhsil, mədəniyyət, turizm və elmi əməkdaşlığın genişləndirilməsi də prezident tərəfindən vacib istiqamət kimi göstərildi.
Prezident İlham Əliyevin media qarşısında səsləndirdiyi fikirlərin mühüm siyasi məzmunu ondan ibarət idi ki, Azərbaycan Avropa ilə münasibətlərdə yeni mərhələyə qədəm qoyur və bu mərhələnin əsas dayaqlarından biri Slovakiya ilə dərinləşdirilən əməkdaşlıqdır. Avropa mərkəzində yerləşən, həm iqtisadi, həm də institusional baxımdan əhəmiyyətli mövqe tutan Slovakiya ilə strateji tərəfdaşlıq Azərbaycanın Qərbə inteqrasiya xəttində mühüm halqa kimi görünür.
Bəyanatda regional təhlükəsizlik məsələlərinə toxunulması da danışıqların ümumi mahiyyətini tamalayırdı. Prezident İlham Əliyev post-münaqişə dövründə Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini qeyd edərək Azərbaycanın bu istiqamətdə ardıcıl təşəbbüslərlə çıxış etdiyini bildirdi. Slovakiya tərəfinin Azərbaycanın regionda apardığı sülh və bərpa siyasətinə verdiyi dəstək də bəyanatda əksini tapmışdı. Bu, həm Avropa platformalarında Azərbaycanın mövqelərinin güclənməsi, həm də Cənubi Qafqazda uzunmüddətli təhlükəsizlik mexanizmlərinin yaradılması baxımından əhəmiyyətlidir.
Prezident Cənab İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər bütövlükdə göstərirdi ki, Slovakiya ilə münasibətlər təkcə cari əməkdaşlıq deyil, gələcək üçün strateji istiqamətlər üzrə formalaşan çoxşaxəli tərəfdaşlıq modelidir. Siyasi dialoq, enerji təhlükəsizliyi, nəqliyyat, əməli iqtisadiyyat və humanitar əməkdaşlıq kimi sahələrdə ortaya qoyulan baxış Azərbaycan–Slovakiya münasibətlərinin müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdiyini nümayiş etdirirdi. Bu açıqlamalar iki ölkənin gələcək əlaqələrinin həm Avropa, həm də Cənubi Qafqaz miqyasında yeni imkanlar yaratmaq potensialına malik olduğunu açıq şəkildə göstərirdi.
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov