
Qafqazın Rusiya tərəfindən işğalından sonra bölgədə inzibati idarəetmə sistemi köklü şəkildə dəyişdirildi. XIX əsrin əvvəllərində Azərbaycan xanlıqları ardıcıl olaraq Rusiya imperiyasının tərkibinə qatıldıqdan sonra xanlıqlar ləğv edilərək onların yerində quberniyalar və qəzalardan ibarət yeni inzibati bölgü yaradıldı. Bu islahatların əsas məqsədi Qafqaz xalqlarını mərkəzi hakimiyyətə tabe etdirmək, yerli idarəetməni zəiflətmək və Rusiyanın bölgədə hərbi-siyasi nəzarətini möhkəmləndirmək idi. Nəticədə Qafqaz XIX əsrin sonlarında tam şəkildə Rusiya imperiyasının inzibati idarəetmə sisteminə daxil edildi.
Zəngəzur qəzası XIX əsrdə Rusiya imperiyasının Cənubi Qafqazda yaratdığı inzibati vahidlərdən biri idi və indiki Zəngilan, Qubadlı, Laçın və Ermənistanın Sünik bölgəsini əhatə edirdi. 1918–1920-ci illərdə erməni silahlı dəstələri bölgəni ələ keçirmək üçün azərbaycanlı əhaliyə qarşı hücumlar törətdi, kəndlər dağıdıldı və əhali qovuldu. 1920-ci ilin sonunda sovet Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra Zəngəzurun qərb hissəsi Ermənistanın, şərq hissəsi isə Azərbaycanın tərkibində qaldı. Bununla da Azərbaycan Naxçıvanla quru əlaqəsini itirdi və bölgənin tarixi-siyasi xəritəsi dəyişdi.
Zəngilan rayonu Azərbaycanın cənub-qərbində, dağlıq və düzənlik ərazilərin qarışığından ibarət bir bölgədə yerləşir. Rayonun ərazisi əsasən Talış və Zəngəzur dağ silsilələri ilə əhatə olunub, cənub sərhədini isə Araz çayı təşkil edir. Burada iqlim mülayim, torpaqlar münbitdir. Zəngilanın inzibati strukturu mərkəzi şəhər və bir neçə kənddən ibarətdir, bölgə strateji baxımdan önəm daşıyır.
Zəngilan rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, minlərlə sakin öz evlərini tərk etmək məcburiyyətində qalmış və rayonun infrastrukturu ciddi dağıntılara məruz qalmışdır. Lakin Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində 2020-ci ildə Zəngilan azad edilmiş, rayonun yenidənqurma və bərpa işləri sürətlə başlanmışdır.
Zəngilan oyandı sükutdan, tozlu illərin dərinliyindən, torpağı öpən əsgər addımında bir Vətən nəfəsi vardı. İyirmi yeddi ilin həsrəti küləklə çəkilib getdi, bir an içində üç rəng göylərə ucaldı. Yaşıl torpaq nəfəs aldı azadlıqla, qırmızı – şəhid qanı kimi parladı üfüqlərdə, mavi səma qucaqladı bayrağımızı - sanki “xoş gəldin” dedi doğma yurda. Bayrağımızın rənglərinin mənasını elə bil həmin an dərk etdim o yaşımda. Şəhid qanı yer ilə göyü birləşdirib ucalırdı gözümdə... dirilən yaşıllığı açıq mavi səmaya qaldırırdı al qırmızı rəng.
Müzəffər Ali Baş Komandanımızın səsi dalğalandı hər dağda, hər sıldırımda:
“Zəngilan azaddır! Qarabağ Azərbaycandır!”
Bu sözlər daşlara həkk olundu, çaylar da, meşələr də eşitdi həmin çağırışı. Bayraq qaldırıldı – tək bir, parça-parça deyil, bir xalqın qüruru, bir millətin dirilişidir o! İndi Zəngilanda günəş doğur yenidən, Küçələrdə uşaq gülüşü, ağaclarda bahar nəfəsi. Bayraq yellənir azad səmada - o günün şərəfinə, o qəhrəmanlara əbədi minnətdarlıqla!
Maştağa qəsəbəsi, 108 nömrəli tam orta ümumtəhsil
məktəbinin kimya müəllimi Ləman Əliyeva