
Təbii gözəllikləri ilə seçilən Azərbaycanın ən qədim tarixə malik bölgələrindən olan Zəngilan rayonu 1993-cü ilin oktyabrında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunaraq 27 il düşmən nəzarətində qaldı. Lakin 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı, 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Ordusu Zəngilan şəhərini və rayonun əksər kəndlərini işğaldan azad etdi. Bu tarixi hadisə Zəngilanın yenidən qurulmasının başlanğıcı oldu.
Müharibədən sonra dövlət başçısı prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə Zəngilanın bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Bölgə “Böyük Qayıdış” proqramı çərçivəsində prioritet ərazilərdən biridir.
Zəngilanda həyata keçirilən əsas layihələr arasında “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndi xüsusi yer tutur. Bu kənddə günəş panelləri, “ağıllı” suvarma və enerji sistemləri, müasir kommunikasiya infrastrukturu və ekoloji cəhətdən təmiz yaşayış evləri quraşdırılıb. Ağalı kəndi 2022-ci ildə ilk sakinlərini qəbul edib və hazırda əhalinin mərhələli şəkildə qayıdışı davam edir.
Bundan başqa, hazırda həyata keçirilən ən böyük layihə Zəngilanda tikintisi davam edən beynəlxalq hava limanının elektrik enerjisi ilə təchiz edilməsidir. 2021-ci ilin aprelində havalimanının təməlqoyma mərasimi keçirilmiş, 20 oktyabr 2022-ci ildə isə açılmışdır. Havalimanındakı uçuş-enmə zolağının uzunluğu 3 kilometr olmaqla, ağır nəqliyyat təyyarələri, eləcə də bütün növ hava nəqliyyatını qəbul edə biləcək. Bu hava limanı Azərbaycanın azad edilmiş ərazilərində inşa edilən üçüncü beynəlxalq hava limanıdır və bölgənin iqtisadi və turizm potensialını artırmaqda mühüm rol oynayacaq.
Zəngilan rayonunda müasir yollar, körpülər, məktəblər, xəstəxanalar, su və enerji infrastrukturu yenidən qurulur. “Yaşıl enerji zonası” prinsipi ilə fəaliyyət göstərən bu ərazi gələcəkdə regionun ekoloji cəhətdən ən təmiz və innovativ inkişaf mərkəzlərindən birinə çevriləcək.
Zəngilanın bərpası yalnız maddi infrastrukturun qurulması deyil, həm də xalqın doğma torpaqlarına dönüşü, mədəni və mənəvi irsin bərpası deməkdir. Burada həyata keçirilən layihələr Azərbaycan dövlətinin gücünü, xalqın iradəsini və sülhə, inkişafa olan inamını bir daha nümayiş etdirir.
Maştağa qəsəbəsi, 293 nömrəli tam orta məktəbin
biologiya müəllimi Sevinc Şıxəliyeva