Zəngilanın yeni dövrü başlayır

Zəngilanın yeni dövrü başlayır Azərbaycan Respublikasının tarixi rayonlarından biri də Zəngilan rayonu olmuşdur. Bu qədim şəhərin tarixi hələ çox qədim zamanlara dayanır. Belə ki, XIV əsrin məşhur tarixçisi və coğrafiyaşünas alimi Həmdullah Qəzvini öz qeydlərində bu şəhərin 636-cı ildə yaradıldığını yazırdı. Şəhərin əvvəlki adı Pircavan olmuşdur. Zəngilan isə Pircavan şəhəri və ətraf kəndləri özündə birləşdirən mahalın adı idi. XVI əsrin sonlarına yaxın, 1590-cı il İstanbul müqaviləsindən sonra Azərbaycanın böyük hissəsi Osmanlı ordusunun nəzarətinə keçdikdən sonra burada Osmanlı inzibati idarəçiliyinə uyğun olaraq sancaqlıq və paşalıqlar yaranır. Bu inzibati vahidlər də livalara bölünürdü. 1593-cü ildə İsgəndərqalası livasının , 1728-ci ildə isə Çuləndar livasının tərkibinə daxil olan Çavundur nahiyyəsi hazırki Zəngilan rayonunun bir hissəsini əhatə etmişdir. Sonradan bu nahiyyə daha böyük bir inzibati vahidə-mahala çevrildi. Mahal əvvəlcə nahiyə kimi Qarabağ bəylərbəyliyinə bağlı idi. 1735-ci ildə Nadir şah Qırxlı-Avşar ziyadoğluların acığına bu nahiyəni Təbriz bəylərbəyliyinin Qaradağ vilayətinə tabe etdi. 1747-ci ildə Pənahəli xan Sarıcalı-Cavanşir mahalı yenidən Qarabağa bağladı. Mahal I Rus-İran müharibəsi zamanında İrana tabe olmuşdu. Rus işğalından sonra mahal Rusiyanın tabeliyində 1840-cı il inzibati islahatına qədər öz mövcudiyyətini qoruyub saxlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti zamanında bu ərazi Qarabağ general qubernatorluğuna tabe idi. 1920-ci il Sovet işğalından sonra inzibati ərazi bölgüsü dəyişdirildi və yeni rayonlar yaradılmağa başlandı. Yeni yaradılan rayonlardan biri də Zəngilan idi. Azərbaycan Respublikası Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli Qərarı ilə təşkil olunmuş və 1-ci kateqoriyalı rayonların siyahılarına daxil edilmişdir.70 illik Sovet əsarəti zamanında Zəngilan rayonunun ərazisində xeyli inzibati dəyişikliklər olmuşdur. 1991-ci il 18 Oktyabrda Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Zəngilan da onun bir parçası olan rayonlardan biri idi. Zəngilan rayonu Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikasının Sünik mərzi ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikasının Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir. I Qarabağ müharibəsinin başlanması, AXC-Müsavat iqtidarının səriştəsizliyi ucbatından ard-arda işğal edilən ərazilərimiz nəticəsində Zəngilan rayonu mühasirəyə düşdü.İçimizdəki bəzi xəyanatkar qüvvələrin də yardımı ilə Zəngilan rayonu 29 Oktyabr 1993-cü ildə işğal edildi.İşğal zamanı on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə idi. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular. 28 illik işğal zamanı faşist erməni işğalçıları rayonda daşı daş üstündə qoymamışdır. Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və 44 gün davam edən şanlı Vətən müharibəsi zamanı Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdir. 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusu 20 Oktyabr tarixində Zəngilan şəhəri və bir neçə kəndi, 22 Oktyabr tarixində Ağbənd qəsəbəsini işğaldan azad etməklə Azərbaycan-İran sərhəddini bərpa etmişdir. Müzəffər Ali Baş Komandan, möhtərəm prezident Cənab İlham Əliyevin deyimi ilə “Artıq Qarabağda quruculuq dövrü başlayır” ifadəsi artıq reallığa çevrilir. Zəngilan şəhəri və kəndlərində bu quruculuq işlərinə çox nümunələr göstərmək olar. Yaxın zamanlarda Prezident və xanımı-Birinci Vitse-prezident Mehriban Əliyeva Zəngilan şəhərinə səfəri zamanı quruculuq işləri və Ağalı kəndində yaradılan “ağıllı kənd” layihəsi ilə yaxından tanış olmuşdur. Prezident İlham Əliyev bu səfəri zamanı çıxışında bunları söyləmişdir :

Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Bütün bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər. Siz də bilirsiniz ki, azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi. Aprel ayında Ağalı kəndinin təməli qoyuldu. Bu gün mən buraya gəlməzdən əvvəl işin gedişatı ilə tanış oldum. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq.

Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla Zəngilana səfər zamanı ölkə başçıları Zəngəzur dəhlizi haqqında məsələlərə toxunub və Şərqi Zəngəzur iqtisadi-rayonunun tərkib hissəsi olan Zəngilan rayonunda Zəngəzur dəhlizinin təməli qoyulub. Məhz bu səbəblərdən Zəngilan rayonu mühüm önəm kəsb edir.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin

tarix müəllimi Həsən Xələfov


Oxşar xəbərlər