
“Azərbaycanda idmanın inkişafı cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas prioritetlərindən biridir. Məhz bu siyasət nəticəsində ölkəmiz bu gün beynəlxalq miqyasda idman dövləti kimi tanınır. Həyata keçirilən düşünülmüş strategiya və məqsədyönlü işlər nəticəsində idman ölkəmizdə mühüm ictimai amilə çevrilib. İstər ölkə daxilində idmanın inkişafı, istərsə də idmançılarımızın beynəlxalq turnirlərdə, yarışlarda və Olimpiya Oyunlarında qazandığı uğurlar Azərbaycanın dünyada böyük nüfuz qazanaraq idman dövləti kimi tanınmasına gətirib çıxarıb. Bunun nəticəsidir ki, Azərbaycan uzun illərdir mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi edir. Sentyabrın 28-də Gəncədə açılış mərasimi keçirilən III MDB Oyunları da bunun bariz nümunəsidir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat bildirib ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının arxasında dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə görülən nəhəng işlər dayanır: “Yürüdülən məqsədyönlü siyasət nəticəsində respublikanın bütün bölgələrində idmanın maddi-texniki bazası möhkəmləndirilib, beynəlxalq standartlara uyğun yeni stadionlar və Olimpiya idman kompleksləri tikilərək istifadəyə verilib. Dövlət başçısının idmançılara diqqəti, onların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Bu isə regionlarda idmanın inkişafına, gənclərin sağlam həyat tərzi sürməsinə, idmanla məşğul olmasına və milli-vətənpərvərlik ruhunda böyüməsinə mühüm töhfə verib. Biz bunu İkinci Qarabağ müharibəsi zamanı bir daha gördük”.
III MDB Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunan deputat bildirib ki, 10 gün davam edəcək yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən olan 2400 nəfərlik idman nümayəndə heyəti iştirak edir:
“Sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək yarışlar 23 idman növünü əhatə edəcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar keçiriləcək. III MDB Oyunlarının Bakıda deyil, regionlarda təşkil olunması yalnız idmanın bölgələrdə inkişafına və kütləviləşməsinə deyil, həm də sosial-iqtisadi və turizm sektorunun inkişafına ciddi təsir göstərəcək.
Yarışların bölgələrə paylanması nəinki stadion və idman meydançalarının, həm də nəqliyyat, hotellər, tibbi xidmət, könüllülük və rəqəmsal sistemlərin inkişafını zəruri edir. Yarışlardan sonra bu imkanlar həm yerli əhaliyə, həm də idman məktəblərinə xidmət göstərəcək.
Oyunların Xankəndidə keçirilməsi isə xüsusi rəmzi məna daşıyır. III MDB Oyunları nəticə etibarilə ölkənin idman sahəsi ilə yanaşı digər istiqamətlərdə də yeni nəsil peşəkarların formalaşmasına, regionların hərtərəfli inkişafına şərait yaradacaq. Bu, gələcəkdə belə beynəlxalq tədbirlərin Azərbaycanın müxtəlif bölgələrində keçirilməsi üçün mühüm təcrübə olacaq. Eyni zamanda dünyada yeni reallıqlar yaradan Azərbaycanın regionlarının beynəlxalq təqdimatı rolunu oynayacaq.
Azərbaycan III MDB Oyunlarına uğurlu ev sahibliyi etməklə dünya idman ailəsindəki mövqeyini daha da möhkəmləndirəcək və nüfuzunu artıracaq”.