Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb

Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb Ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu siyasət idman sahəsində də ölkəmizə böyük uğurlar qazandırıb. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır. Bunun da bariz nəticəsi kimi Azərbaycan idmançılarının müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlu nəticələrin sayı artmaqdadır. Növbəti belə uğur 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında əldə edilib. Gənc güləşçilərimiz ölkəmizi bu yarışda layiqincə təmsil edərək 7-si qızıl olmaqla 16 medal qazanıblar. Komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görülüb. Bununla da idmançılarımız Azərbaycanın təkcə müharibə meydanında deyil, idmanda da Qalib xalq olduğunu sübut ediblər.
Martın 17-də Prezident İlham Əliyev tarixi qələbəyə imza atan güləş komandasının üzvlərini və məşqçıləri qəbul edərkən bildirib ki, “Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər”.
Azərbaycan güləşinin Avropa çempionatları tarixində rekord göstərici, 34 Avropa ölkəsi arasında birinci yeri qazanması, mötəbər yarışda Dövlət Himnimizin 7 dəfə səsləndirilməsi dövlətimizin başçısının idmana və idmançılara göstərdiyi diqqət və qayğının təcəssümüdür. Avropada birinci olmaq böyük nailiyyətdir, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar. Dövlət qayğısını yüksək dəyərləndirən, üzərlərinə düşən vəzifələri layiqincə doğruldan Azərbaycan idmançıları dəfələrlə beynəlxalq yarışların qalibləri olub, üçrəngli bayrağımızı ucaldıb, himnimizi səsləndiriblər. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Məhz idmançılarımızın qələbələri nəticəsində Azərbaycan dünyada idman ölkəsi, olimpiya hərəkatının inkişaf etdiyi dövlət kimi tanınır.
Görüşdə qeyd edilib ki, milli idman növü olan güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Həm sovet dövründə və xüsusilə müstəqillik dövründə güclü güləşçilərimiz olub. Onlar Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri davam etdirir. Prezident İlham Əliyev idmanın gənclərin vətənpərvərlik hisslərinin artırılmasındakı rolundan da danışıb: “Məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Bizim əlbəttə ki, güclü Ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir”.
İdman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Hazırda ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır. Bolqarıstanda keçirilmiş Avropa çempionatında idmançılarımızın qazandığı parlaq Qələbə bir daha sübut etdi ki, Azərbaycanda idman ənənələri kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri uğurla davam etdirir.


Sabunçu qəsəbəsi, 68 nömrəli tam orta məktəbin
direktor müavini Asiman Paşayev

Oxşar xəbərlər