Payızın son günləri idi. Səma sanki insan qəlbinin aynasına çevrilmişdi — buludlar ağır, külək yorğun, yağış isə səssiz bir dua kimi yerə enirdi. Hər damcı torpağa yox, elə bil insanların iç dünyasına toxunmaq istəyirdi. Amma qəlblər,,,,, çoxdan daşlaşmışdı.Kənddən bir az aralıda, söyüd ağacına bir kişi söykənmişdi. O, çox danışmazdı. Danışanda isə sözləri səsdən çox vicdanı oyadardı. İnsanlar ona “İbrət adam” deyirdilər. Çünki o, nəfsinə qalib gəlməyi bacarmışdı. Amma onun ən böyük dərdi başqalarının bu savaşı uduzması idi.
Bir gün kəndə var-dövlət dalınca qaçan, şöhrətin şirinliyinə aldanmış adamlar gəldi. Onların gözündə nə sevgi,nə də sayğı yox idi — yalnız mənfəət və dünyaya bağlılıq vardı. Onlar insanları bir-birindən ayırdı, dostluğu bazara çıxardı, qardaşlığı isə unutdurdu. Ən acısı isə o oldu ki, insanlar buna susdu.
İbrət adam söyüdün gövdəsinə baxıb dedi:
“Söyüdün meyvəsini yeməsək də, onun kökü torpağa bağlıdır. Biz də kökümüzü itirməməliyik.”
Amma onu dinləyən az idi.
Kəndin yanından axan çay — Kür — həmişə olduğu kimi sakit axırdı. Onun suyu torpağı bəsləyir, ağacları böyüdür, insanlara həyat verirdi. Amma heç kim dönüb ona təşəkkür etmirdi. İnsanlar aldıqlarını haqq, verdiklərini isə yük hesab edirdilər.
Günlər keçdi. O şöhrətpərəst adamlar getdi. Amma arxalarında boşalmış qəlblər, qırılmış ümidlər qoydular. İnsanlar gec də olsa anladı ki, itirdikləri mal yox, mənəviyyat idi.
Bir axşam yağış yenə yağmağa başladı. Bu dəfə fərqli idi. Sanki hər damcı bir peşmanlıq, bir dua olmuşdu. İbrət adam göyə baxıb pıçıldadı:
“Kaş ki bu yağış qəlbləri də yuya biləydi...”
O an kəndin bir neçə sakini söyüdün altına gəldi. Səssizcə dayandılar. Heç kim danışmadı. Amma hamı eyni şeyi hiss etdi:
Hissin adı belə idi,
qurtuluş yenə də insanın öz içindən başlayır
Yağış davam edirdi.
Bəlkə də ilk dəfə idi ki, o yağış torpağı yox, qəlbləri isladırdı…
Unutmamalıyıq ki,qəlblər yalnız Allahı xatırlamaqla aramlıq tapır!
Bəhram Bilaloğlu