Prezident İlham Əliyev həm hərb meydanında, həm də diplomatik cəbhədə böyük strategiya həyata keçirdi, həmçinin informasiya müharibəsində də Azərbaycanın haqq səsi oldu

Prezident İlham Əliyev həm hərb meydanında, həm də diplomatik cəbhədə böyük strategiya həyata keçirdi, həmçinin  informasiya müharibəsində də Azərbaycanın haqq səsi oldu
Azərbaycan bütün dünyaya səs salan bir möhtəşəm qələbəyə imza atdı. Dünya hələ də ölkəmizin bu qələbəsindən bəhs edir. "Qarabağ Azərbaycandır!" reallığı 44 günlük Vətən müharibəsinin şüarına çevrildi.
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsidir. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini göstərdi.
2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təxribata başladılar. Düşmənin təcavüzü nəticəsində hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Hücuma son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.
Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı. Silahlı Qüvvələrimiz döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirərək 30 il işğal altında qalan bir sıra əraziləri, o cümlədən 300-ə yaxın kəndi, 5 şəhəri, 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri geri qaytardı. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Noyabrın 8-də Şuşanın, bunun ardınca noyabrın 9-da daha 70-dən çox yaşayış məntəqəsinin və bir neçə yeni strateji yüksəkliyin geri qaytarılmasından sonra düşmən dərk etdi ki, daha müqavimət göstərməyin heç bir faydası yoxdur. Nəhayət, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri ölkəmizin tam qələbəsini, işğalçı dövlətin kapitulyasiyasını rəsmiləşdirən bəyanat imzaladılar. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
Prezident İlham Əliyev həm hərb meydanında, həm də diplomatik cəbhədə böyük strategiya həyata keçirdi, həmçinin informasiya müharibəsində də Azərbaycanın haqq səsi oldu. Ali Baş Komandan, İlham Əliyevin siyasəti, qüdrətli Azərbaycan ordusunun əzmi nəticəsində xalqımız öz tarixi ərazilərinə qovuşdu. Bu gün biz böyük qürur hissi ilə deyirik :Qarabağ Azərbaycandır!”

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Ləman Şahbəddinova

Oxşar xəbərlər