Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu

Vətən  müharibəsi  nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu Azərbaycan torpaqları 30 ilə yaxın bir dövrdə erməni işğalçılıq siyasətinə məruz qalmışdı. Xalqımız doğma torpaqlarından qovularaq erməni təcavüzkarlığının qurbanı olmuşdu. Ermənistanın bu işğalçılıq və saxta iddialarının qarşısı alınması məqsədi ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə 27 sentyabrda bütün cəbhə boyu Azərbaycan Ordusu əks-hücum əməliyyatını həyata keçirtməyə başladı. Bununla da mənfur düşmənin I Qarabağ müharibəsi dövründə işğal etdiyi ərazilərin azad olunmasına doğru şanlı bir yol başlandı. Bu yolda xalqımız “Dəmir Yumruq” şüarı altında birləşib gücümüzü, qüdrətimizi bütün dünyaya bir daha sübut etdi.
30 ilə yaxın həsrətə son qoyuldu! Qarabağda başlanılan uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocəvənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz, yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatın dayandırılması haqqında bəyanat imzalayıblar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Noyabrın 10-da hərbi əməliyyatlar dayandırıldıqdan sonra Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suveren hüquqları tanınmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Bununla da Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu.
Vətənimiz bölünməzdir! Düşmənə bir daha sübut etdik ki, biz öz ərazilərimizin bütövlüyü uğrunda daim məğrur, igidcəsinə mübarizə aparan bir xalqıq! Biz müharibə tərafdarı deyil, sülhün tərafdarıyıq!

Bakıxanov qəsəbəsi, 74№ tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Surətova

Oxşar xəbərlər