
XX əsrin əvvəlləri qlobal siyasi zəlzələlərin, imperiyal sistemlərin sarsıldığı, yeni milli dövlətlərin formalaşdığı bir dövr idi. Bu tarixi kontekstdə 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti, postsenzoriyal Rusiya məkanında müsəlman və Şərq aləmində ilk demokratik respublika kimi meydana çıxdı. Bu dövlətin qurulması, təkcə Azərbaycan xalqının deyil, həm də bütövlükdə müsəlman Şərqinin siyasi tarixində dönüş nöqtəsi oldu. Həm ideoloji, həm də struktur baxımından yeni bir idarəetmə modelinin təşəkkülü Azərbaycan tarixində ilk dəfə xalqın iradəsinə əsaslanan, hüquqi və dünyəvi idarəçiliyə keçidi simvolizə edirdi.
1918-ci il mayın 28-də Tiflisdə təşkil olunan Milli Şura Azərbaycanın istiqlaliyyətini elan etdi. "Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsi" müsəlman Şərqində ilk dünya səviyyəli demokratik bəyannamə idi. Bu sənədin qəbulu, xalqın suverenlik və öz müqəddəratını təyinetmə hüququnu tanıyan fundamental bir addım idi. Bəyannamədə irəli sürülən əsas prinsiplər – xalq hakimiyyəti, hüquq bərabərliyi, dini və irqi ayrı-seçkiliyin rədd olunması – həm daxili dövlət quruculuğu üçün, həm də beynəlxalq legitimlik üçün zəruri idi. Sənəddə bildirilirdi ki, Azərbaycan xalqı öz dövlətini qurur və bu dövlət hər bir vətəndaşın hüquqlarını bərabər şəkildə təmin edəcək.
AXC dövründə parlamentar idarəetmə sistemi qəbul olundu. 1918-ci ilin dekabrında ilk parlament işə başladı və burada təmsil olunan millətlərin sayı 11 idi. Bu tərkib etibarilə çoxmillətli və çoxpartiyalı bir strukturun formalaşması, AXC-nin inklüziv və demokratik idarəçiliyə verdiyi əhəmiyyətin göstəricisidir. Parlamentin strukturu və fəaliyyəti klassik qərb demokratiyalarının formalarını özündə əks etdirirdi. Bu müddət ərzində qəbul olunan qanunvericilik aktları idarəetmənin hüquqi əsaslarını möhkəmləndirdi. Nazirlər Kabineti, nazirliklər və mərkəzi idarələr kimi hökümət strukturlarının yaradılması nəticəsində Azərbaycan ilk dəfə müasir dövlət idarəçiliyi sisteminə keçid etdi.
AXC-nin qəbul etdiyi qanunvericilik sistemində irq, din və sosial mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabərliyi prinsipi qorunurdu. Qadınlara səsvermə huququnun verilməsi, Şərq aləmində çox nadir hallardan idi və bu qərar Azərbaycan Xalq Cümhuriyyətinin siyasi iradəsinin və sosial modernləşməyə sadiqliyinin göstəricisi idi. Sosial infrastrukturun gücləndirilməsi istiqamətində görülən tədbirlər cəmiyyətin modernləşməsinə təkan verdi.
Azərbaycan Xalq Cümhuriyyəti, yalnız siyasi və inzibati bir qurum olaraq deyil, eyni zamanda xalqın milli kimliyinin və tarixi özünüdərk hissinin dirçəldilməsi baxımından mühüm mərhələ oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini bir araya gətirən bu model, xalqımızın yüksək siyasi və mədəni şüurunun göstəricisi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədi, xalqın öz müqəddəratını təyin etməyə qadir olduğunu isbatladı və milli mənlik şüurunu gücləndirdi. Bu ruh, 1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə bir daha təcəssüm tapdı və müasir Azərbaycan Respublikasının ideoloji bazasının formalaşmasında əsas təkanverici amillərdən birinə çevrildi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildi. Bu aktda 1918-ci il İstiqlal Bəyannaməsinə birbaşa istinad edilməklə Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisliyi təsbit olunmuşdur. Bu, həm siyasi baxımdan tarixi ədalətin bərpası idi, həm də dövlətin hüquqi identitetinin əsaslandığı konstitusion əsasların qurulması baxımından əhəmiyyət daşıyırdı.
1990-cı illərin əvvəllərində ölkədə mövcud olan dərin siyasi və iqtisadi böhran şəraitində, Ermənistanın hərbi təcavüzü və daxili separatçılıq fonunda Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir dövrdə xalqın istəyi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev, milli dövlətçiliyin qorunması istiqamətində taleyüklü addımlar atdı. Dövlət institutlarının yenidən qurulması, konstitusiya layihəsinin hazırlanması, neft strategiyasının tətbiqi, ordunun formalaşdırılması və daxili sabitliyin təmin olunması bu dövrün əsas nailiyyətlərindəndir.
Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan beynəlxalq arenada tanınan, iqtisadiyyatı liberallaşdırılmış, xarici sərmayələrin cəlb edildiyi bir dövlətə çevrildi. Onun rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası dünya siyasətinin fəal iştirakçısına çevrildi.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş ərazilərdə dalğalanması cənab Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, siyasi və iqtisadi islahatlar uğurla davam etdirilir. Sosial rifahın artırılması və vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətinin əsas prioritetləri sırasındadır.
2007-ci il 25 may tarixində Bakıda İstiqlaliyyət küçəsində cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə AXC-nin şərəfinə ucaldılmış İstiqlal Bəyannaməsi abidəsinin açılışı dövlətçilik ənənələrinə sadiqliyin simvolu olmuşdur. Həmçinin, Cümhuriyyətin 90 və 100 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması milli yaddaşın formalaşmasında mühüm rol oynamışdır. Cənab Prezident İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin daim uca tutulduğunu göstərir. Elə həmin il təsis edilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı da bu ideoloji irsin təbliğində mühüm vasitə olmuşdur.
2021-ci ildə qəbul olunan "Müstəqillik günü haqqında" Azərbaycan Respublikasının Qanunu ilə 28 may Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü elan olunmuşdur. Bu qərar Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə AXC ilə əsaslandığını rəsmi şəkildə təsdiq edir.
Nəticə olaraq deyə bilərəm ki, Azərbaycan Xalq Cümhuriyyəti həm tarixi keçmişin qürurverici səhifəsi, həm də gələcək nəsillər üçün mühüm bir ilham mənbəyi kimi qalmaqdadır. Cümhuriyyətin ideyaları və nailiyyətləri, çağdaş Azərbaycan Respublikasının hüquqi, siyasi və ideoloji əsaslarını formalaşdırmaqla, milli suverenlik və dövlətçilik konsepsiyasının davamlı inkişafına töhfə verir. AXC-nin təsis etdiyi siyasi və hüquqi mexanizmlər, insan hüquqları və azadlıqları sahəsində atdığı addımlar, qadınlara seçki hüququnun verilməsi, vətəndaş bərabərliyi və parlament idarəçiliyi kimi fundamental prinsiplər müasir dövlətçiliyin əsas dayaqları kimi bu gün də öz aktuallığını qoruyur. Bu mənada, AXC-nin irsi təkcə tarixi yaddaş deyil, həm də strateji inkişaf yolumuzun ayrılmaz bir hissəsidir.
Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Hüseynzadə