
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdi. Bu hadisə xalqımızın tarixi arzularının gerçəkləşməsi, milli azadlıq uğrunda mübarizəsinin məntiqi nəticəsi idi. Lakin dövlət müstəqilliyini elan etmək onu qorumaq və inkişaf etdirmək qədər çətin məsələ deyildi. Azərbaycanın müstəqilliyi ilk illərdə ciddi təhlükə altında idi: siyasi idarəetmədə xaos, ordu quruculuğunun zəifliyi, vətəndaş qarşıdurması, iqtisadi böhran və Ermənistanla davam edən müharibə müstəqilliyin sabit əsaslar üzərində dayanmasına imkan vermirdi. Belə bir dövrdə xalqın ümidi bir şəxsə yönəldi. Bu şəxs Azərbaycanın gələcəyini düşünən, siyasi uzaqgörənliyi və rəhbərlik qabiliyyəti ilə tanınan dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev idi. Tarix göstərdi ki, məhz onun yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi dağılmaq təhlükəsindən xilas edildi. 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkədə sabitlik yaratdı, qanunsuz silahlı dəstələrə son qoyuldu, separatçılıq cəhdlərinin qarşısı alındı və dövlətin əsas sütunları bərpa edildi. Ulu öndər Heydər Əliyev müstəqilliyin yalnız qorunması ilə kifayətlənmədi, onu dönməz və əbədi etmək üçün strateji və dərin düşünülmüş addımlar atdı. Onun neft strategiyası Azərbaycanın iqtisadi gələcəyini müəyyən edən başlıca istiqamət oldu. 1994-cü il sentyabrın 20-də imzalanmış və “Əsrin müqaviləsi” adlandırılan neft sazişi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını təmin etdi. Bu müqavilə sayəsində ölkəyə milyardlarla xarici sərmayə axını başladı və bu, yeni iş yerlərinin açılmasına, infrastrukturun yenilənməsinə və xalqın sosial rifahının yüksəlməsinə zəmin yaratdı. Eyni zamanda Ulu öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırdı, qonşu dövlətlərlə münasibətlərin normallaşmasına və regionda sabitlik mühitinin formalaşmasına xidmət etdi. Onun rəhbərliyi ilə Azərbaycan BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası kimi beynəlxalq təşkilatlarda fəal mövqe tutmağa başladı. Azərbaycanın müstəqil hüquqi dövlətə çevrilməsi də Ulu öndər Cənab Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü və rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Bu sənəd müstəqil dövlətin hüquqi əsaslarını, vətəndaşların hüquq və azadlıqlarını, dövlətin quruluşunu və idarəetmə prinsiplərini müəyyənləşdirdi. Konstitusiyada təsbit olunan dəyərlər müasir hüquqi cəmiyyətin formalaşmasına zəmin yaratdı. Məhkəmə-hüquq islahatları, seçki institutlarının inkişafı və şəffaf idarəetmə prinsipləri Azərbaycanı demokratik inkişaf yoluna çıxardı. Ulu Öndər Heydər Əliyev dövlət idarəçiliyində sabitliyi və davamlı inkişafı əsas məqsəd olaraq qoydu. Onun əsas çağırışlarından biri də dövlətçiliyin ideoloji əsaslarla möhkəmləndirilməsi idi. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kimi fikirlər təkcə bir liderin qüruru deyil, həm də milli özünüdərkə çağırış idi.
Ulu öndər Heydər Əliyevin fəaliyyətinin nəticələri təkcə onun hakimiyyətdə olduğu illərlə məhdudlaşmadı. O, Azərbaycanın gələcəyi üçün düşünülmüş, davamlı və dayanıqlı bir yol müəyyənləşdirdi. 2003-cü ildən etibarən bu yol onun siyasi varisi,cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu davamlı siyasət nəticəsində Azərbaycan iqtisadi cəhətdən daha da güclənmiş, beynəlxalq aləmdə nüfuz qazanmış və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etmişdir. Bu tarixi zəfər də birbaşa Ulu öndər Heydər Əliyevin yaratdığı güclü dövlət və ordu sisteminin məntiqi davamı kimi dəyərləndirilir. Onun əsas ideyalarından biri – “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır” – bu gün reallığa çevrilmişdir. Bu ideya həm xalqın yaddaşına, həm də dövlətin təməl prinsiplərinə çevrilmişdir.
Nəticə etibarilə, Ulu öndər Heydər Əliyev təkcə bir lider və siyasətçi deyil, həm də müasir Azərbaycan dövlətinin memarıdır. Onun fəaliyyəti nəticəsində müstəqillik sadəcə bir hüquqi status deyil, real dövlətçilik, sabitlik və inkişaf forması aldı. Bu səbəbdən Azərbaycan xalqı onu haqlı olaraq “Əbədi müstəqilliyimizin memarı” adlandırır. Onun siyasi irsi bu gün də yaşayır və gələcək nəsillərin yoluna işıq tutur.
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
İnglis dili müəllimi Şəlalə Feyziyeva