
15 iyun 2021-ci il tarixi Azərbaycan–Türkiyə münasibətləri üçün yeni bir epoxanın başlanğıcı kimi yadda qaldı. Həmin gün Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd təkcə diplomatik akt deyil, eyni zamanda, iki qardaş xalqın tarix, mədəniyyət və ortaq tale üzərində qurulan münasibətlərinin yüksək mərhələyə - strateji müttəfiqliyə keçidinin rəsmi nişanəsi oldu.
Şuşa Bəyannaməsi həm də Türk Dünyasının inteqrasiyasında mühüm mərhələ sayılır. Bu sənəd, təkcə Azərbaycanla Türkiyə arasında deyil, bütövlükdə türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi üçün model funksiyası daşıyır. Bu model, həm milli suverenliklərin möhkəmləndirilməsi, həm də regional təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir.
Əslində, Şuşa Bəyannaməsi yalnız bu günü deyil, gələcəyi də təmin edən sənəddir. Bu sənəd iki dövlətin taleyini birgə yazmaq iradəsinin hüquqi formasını təşkil edir.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin yalnız siyasi və hərbi deyil, bütün strateji sahələri – iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, təhsil, mədəniyyət, ordu quruculuğu və diplomatiyanı əhatə edən bir sənəddir. Daha doğru ifadə etsək, bu, sadəcə bir Bəyannamə deyil, bu, ortaq gələcəyə verilən imzadır. İki dövlətin birgə maraqlarını təmin edən hüquqi və siyasi baza kimi çıxış edən sənəd bölgədə sabitlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır.
Şuşa Bəyannaməsinin məhz Şuşada – Qarabağda imzalanması Qalib Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsinin, siyasi qətiyyətinin və strateji düşüncəsinin nəticəsidir. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər təkcə torpaqlarımızın azadlığı deyil, həm də regionda yeni reallıqların formalaşdırılması idi. Prezident İlham Əliyev bu reallıqları peşəkar diplomatiya ilə Şuşa Bəyannaməsi ilə hüquqi və diplomatik çərçivəyə saldı.
Bəyannamədə xüsusi yer tutan Zəngəzur dəhlizi layihəsi Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir. Bu dəhliz yalnız iki ölkəni deyil, Türk dünyasını birləşdirəcək mühüm bir arteriya kimi çıxış edir. Şərqdən Qərbə uzanan yeni nəqliyyat və iqtisadi yolun açılması regional inteqrasiyanın, strateji sabitliyin və iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verir.
Şuşa Bəyannaməsi iqtisadi baxımdan da önəmlidir. Hər iki ölkənin qarşılıqlı investisiya təşəbbüsləri, azad olunmuş ərazilərdə birgə layihələr və sərmayələr regionun inkişafına yeni nəfəs verir. Xüsusilə Şuşa və ətraf ərazilərin turizm imkanlarının reallaşdırılması, bu bölgənin həm iqtisadi, həm də mədəni cəhətdən dirçəlməsini təmin edəcək.
Həmçinin, Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət davranışları ilə bağlı müddəa da yer alır. Sənəddə qeyd edilir ki, tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparır. Sənədə əsasən, beynəlxalq münasibətlərin inkişaafı, yerli, bölgə və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstəriləcək.
Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı.
Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Fərqanə Əliyeva