İsrail Dəməşq yaxınlığında Suriya ordusuna dron zərbəsi endirib: Çoxsaylı ölü və yaralılar var

İsrail Dəməşq yaxınlığında Suriya ordusuna dron zərbəsi endirib: Çoxsaylı ölü və yaralılar var İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) Dəməşqin qərbində Suriya Müdafiə Nazirliyinin hərbi obyektinə hücumu nəticəsində azı 6 hərbçi həlak olub. Məlumatı “Sham” telekanalı yayıb.

Bildirilir ki, İsrail pilotsuz təyyarəsi Harcal şəhəri ətrafında yerüstü hədəfi vurub. Ölən 6 əsgərdən əlavə daha 4 əsgər yaralanıb.

Avqustun 26-da Suriya Xarici İşlər Nazirliyi Təranca kəndində bir mülki vətəndaşın öldürülməsindən sonra İsrailin cənubdakı Dəra və Kuneytra əyalətlərinə hücumlarını pisləyib.

Avqustun 25-də 11 zirehli texnikada İsrail xüsusi təyinatlılarının bir dəstəsi Dəməşqdən 46 km cənubda yerləşən Beyt Cann ərazisinə daxil olub. Ərazinin təmizlənməsi əməliyyatında 60-dan çox əsgər iştirak edib.

İsrailin bu hərəkətləri Ərəb Respublikasının kəskin etirazına səbəb olub. Diplomatik nazirliyin bəyanatında qeyd olunub ki, “İsrail qoşunlarının müdaxiləsi regional sabitliyi təhdid edən təhlükəli eskalasiyadır”. Suriya BMT Təhlükəsizlik Şurasını özünün suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün təsirli tədbirlər görməyə çağırıb.

Avqustun 20-də Suriya və İsraildən olan nümayəndə heyətləri Colan təpələrində İsrail və Suriya qüvvələrinin döyüşdən çıxarılmasına dair 1974-cü il müqaviləsinin yenilənməsi şərtlərini müzakirə etmək üçün Parisdə məsləhətləşmələr aparıblar. Avqustun 24-də Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa təhlükəsizlik tədbirləri ilə bağlı ikitərəfli sazişlərin hazırlanması istiqamətində əldə edilən irəliləyişlər barədə məlumat verib. Onun sözlərinə görə, Suriya hakimiyyəti İsrailin Dəra və Əl-Kuneytra əyalətlərinə davamlı müdaxilələrini dayandırmağa çalışır.

Oxşar xəbərlər