Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, xalqın varlığının təsdiqidir. Doğma dilini unudan xalq tarix səhnəsindən silinməyə məhkumdur. Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin hazırda dünya dilləri sırasında özünəməxsus yeri var. Tarixin müxtəlif dönəmlərində ölkəmizin ayrı -ayrı imperiyalar tərkibində olmasına baxmayaraq dilimiz öz varlığını qoruyub saxlamışdır. Azərbaycan dilinin bugünki inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarında biri olduğunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində ana dilimizin rolunun artırılması istiqamətində apardığı məqsədyönlü siyasəti cəmiyyətdə milli ruhun qorunmasına xidmət edirdi. 2001-ci ildə Ümumilli liderin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı müstəqil Azərbaycan tarixində xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi.
Ulu öndər diaspor nümayəndələrimiz ilə görüşlərində dəfələrlə vurğulayıb ki, hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı ana dilini bilməlidir. Ümumilli liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev bu gün doğma dilimizə həssaslıqla yanaşaraq bildirib ki, bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir. Prezident cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələsi daim ön planda olmuşdur. Azərbaycan dilinə olan bu cür həssas yanaşma, ulu kökdən və ənənəyə sadiqlikdən irəli gəlir.

Bakıxanov qəsəbəsi 96 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Şəlalə Səmədova

Oxşar xəbərlər