Bəkir Yusifov: Xankəndi Zirvəsi - Azərbaycanın Suveren Zəfəri və Diplomatik Manifesti

Bəkir Yusifov: Xankəndi Zirvəsi - Azərbaycanın Suveren Zəfəri və Diplomatik Manifesti Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Bəkir Yusifov - 2025-ci il iyulun 4-də Azərbaycanın geosiyasi və diplomatik tarixində əlamətdar hadisə baş verdi: Qarabağın qəlbi, Xankəndi şəhəri, bu dəfə təkcə milli suverenliyin yox, həm də beynəlxalq əməkdaşlığın simvoluna çevrildi. Burada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın regional liderliyini və diplomatik bacarıqlarını nümayiş etdirməklə yanaşı, Xankəndinin müstəqillik və barış mərkəzinə çevrildiyini bütün dünyaya bəyan etdi.

Azərbaycanın Prezidenti İlham Əliyevin ev sahibliyi etdiyi tədbir təkcə coğrafi əhəmiyyət daşımırdı – bu Zirvə görüşü eyni zamanda siyasi mesaj idi. Xankəndi kimi illərlə işğal altında qalmış bir şəhərin belə mötəbər tədbirə ev sahibliyi etməsi tarixi ədalətin bərpasının bariz nümunəsi, güclü dövlətçiliyin və uğurlu diplomatiyanın rəmzidir.
Bəkir Yusifov: Xankəndi Zirvəsi - Azərbaycanın Suveren Zəfəri və Diplomatik Manifesti

Prezidentin çıxışında vurğuladığı kimi, Azərbaycanın artıq üçüncü dəfədir bu mühüm toplantıya ev sahibliyi etməsi ölkənin ECO daxilindəki rolunun artdığını sübut edir. Lakin bu dəfəki ev sahibliyinin dəyəri sadəcə təşkilati deyil, simvolik mahiyyət daşıyırdı. Xankəndidə baş tutan zirvə beynəlxalq ictimaiyyətə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu və bölgədə yeni bir inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.

Zirvə zamanı Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, Azərbaycan heç vaxt işğalla barışmayıb və öz haqlı mövqeyini sonadək müdafiə edib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı əldə edilən parlaq qələbə ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və Ermənistan kapitulyasiya sənədinə imza atmaq məcburiyyətində qaldı.

İşğal dövründə Ermənistanın törətdiyi vəhşiliklər – dini abidələrin məhv edilməsi, 67 məsciddən 65-nin yerlə-yeksan olunması, qəbiristanlıqların dağıdılması, minalanmış ərazilər və dağıdılmış yaşayış məntəqələri – Prezidentin nitqində xüsusi vurğulandı. Bu faktlar Ermənistanın sistemli şəkildə həyata keçirdiyi vandalizmin miqyasını bir daha ortaya qoydu.
Bəkir Yusifov: Xankəndi Zirvəsi - Azərbaycanın Suveren Zəfəri və Diplomatik Manifesti

Azərbaycan isə müharibədən dərhal sonra işğaldan azad edilən torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başladı. Bu gün Laçın, Şuşa, Zəngilan, Ağdam, Füzuli kimi şəhərlər və kəndlər yenidən qurulur, müasir infrastruktur və sosial obyektlər inşa edilir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 50 mindən çox vətəndaş doğma torpaqlarına qayıdıb. Bu, Azərbaycanın vətəndaşına verdiyi dəyərin, dövlət siyasətinin mərkəzində insanın dayandığının sübutudur.

Zirvə çərçivəsində Prezident həmçinin Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi. O qeyd etdi ki, bu məsələ İslam Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısında da dəstəklənmiş və “İstanbul Bəyannaməsi”ndə bu hüquq rəsmi şəkildə tanınmışdır. Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqundan imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunur və bu istiqamətdə diplomatik təzyiqlər davam etdiriləcək.

Zirvə tədbiri eyni zamanda Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıqdakı rolunu da bir daha göstərdi. Ölkəmizin son 20 ildə cəlb etdiyi 350 milyard dollarlıq sərmayənin təxminən yarısının xarici mənbəli olması Azərbaycanın investisiya cəlbediciliyinin və sabit iqtisadi mühitinin göstəricisidir. Azərbaycan artıq 12 ölkəyə qaz ixrac edərək regional enerji təhlükəsizliyində həlledici rol oynayır.

Bəkir Yusifov: Xankəndi Zirvəsi - Azərbaycanın Suveren Zəfəri və Diplomatik Manifesti


Eyni zamanda Prezidentin qeyd etdiyi kimi, Azərbaycan logistika baxımından da ECO məkanında strateji mövqedə yerləşir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi bu məkan regional və qlobal yük daşımalarının əsas mərkəzinə çevrilməkdədir.

Şuşada ECO Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu kimi təşəbbüslər də göstərdi ki, Azərbaycan yalnız siyasi deyil, həm də sosial və humanitar sahələrdə fəal mövqe tutur və bu sahələrdə liderlik iddiasındadır.

Bütün bunlar Xankəndidə keçirilən ECO Zirvəsini sadəcə diplomatik tədbir yox, həm də beynəlxalq ədalətin və tarixi gerçəklərin təntənəsi kimi səciyyələndirir. Prezident İlham Əliyevin bu zirvə çərçivəsində etdiyi çıxış Azərbaycanın beynəlxalq gücünün, dövlətçilik fəlsəfəsinin və prinsipial diplomatik xəttinin parlaq ifadəsi oldu.

Bu zirvə dünyaya bir daha açıq mesaj verdi: Qarabağ Azərbaycandır və bu gerçək heç vaxt dəyişməyəcək.
Bəkir Yusifov: Xankəndi Zirvəsi - Azərbaycanın Suveren Zəfəri və Diplomatik Manifesti
Bəkir Yusifov: Xankəndi Zirvəsi - Azərbaycanın Suveren Zəfəri və Diplomatik Manifesti

Oxşar xəbərlər