
Azərbaycan artıq üçüncü dəfədir ki, ECO Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki görüşlər 2006 və 2012-ci illərdə Bakıda keçirilmişdir. Bu dəfə isə Zirvə görüşünün azad edilmiş torpaqlarda — Qarabağda, Xankəndidə keçirilməsi xüsusi və simvolik əhəmiyyət daşıyır. Bu, həm Azərbaycanın ərazi bütövlüyünün bərpasının nəticəsidir, həm də bölgədə sülh, sabitlik və inkişaf üçün yeni bir səhifənin açıldığını nümayiş etdirir.
Ermənistan tərəfindən uzun illər işğal altında saxlanılmış Qarabağ və Şərqi Zəngəzurda bu gün genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. 30 ilə yaxın davam edən işğal nəticəsində ərazilərimizin 20 faizi dağıdılmış, bir milyondan artıq soydaşımız öz yurd-yuvasından didərgin salınmış, mədəni və dini abidələrimiz vandalizmə məruz qalmışdır. 67 məsciddən 65-i dağıdılmış, qəbiristanlıqlar viran edilmişdir. Bu əməllər təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının dini-mədəni irsinə qarşı təhqirdir.
Azərbaycan xalqı bu ədalətsizliklə heç zaman barışmayıb. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, Ermənistan isə kapitulyasiya sənədini imzalamağa məcbur olmuşdur. Müharibədən sonra aparılan qiymətləndirmələrə əsasən, işğal nəticəsində ölkəmizə dəyən zərər 150 milyard ABŞ dolları həcmində hesablanmışdır. Eyni zamanda, Ermənistan tərəfindən torpaqlarımıza bir milyondan çox mina basdırılmışdır. Müharibədən bu günə qədər 400-ə yaxın vətəndaş mina partlaması nəticəsində həlak olmuş və ya yaralanmışdır.
Lakin biz dağıntılar üzərində yeni bir həyat qururuq. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin geri qayıdışı təmin olunmuşdur. Bu gün azad edilmiş ərazilərdə 50 mindən artıq insan yaşayır, çalışır və təhsil alır.
Biz eyni zamanda Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına sülh yolu ilə qayıdış hüququnun tanınmasını və təmin olunmasını tələb edirik. Bu mövzu artıq beynəlxalq təşkilatların gündəmindədir. İslam Əməkdaşlıq Təşkilatının ötən ay İstanbulda keçirilmiş Nazirlər Şurasında bu istiqamətdə qəbul edilmiş qətnamə və “İstanbul Bəyannaməsi” beynəlxalq hüququn və ədalətin təntənəsidir.
Azərbaycan hər zaman ECO-nun fəal üzvü olub. Təşkilata üzv ölkələrlə sıx əməkdaşlığımız davam edir. Ölkəmizdə ilk dəfə olaraq ECO məkanında COP29 kimi qlobal miqyaslı iqlim konfransının keçirilməsi mühüm hadisə olmuşdur. Konfrans çərçivəsində inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyinin artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi, karbon bazarları üzrə razılaşmalar kimi əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilmişdir. Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumu uğurla təşkil olunmuşdur. Həmin forumlarda iştirak etmiş nümayəndələr bu gün buradakı panel iclaslarda öz təəssüratlarını bölüşəcəklər. ECO Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzinin Azərbaycanda fəaliyyətə başlaması istiqamətində işlər davam edir. Şuşanın 2026-cı il üçün “ECO-nun Turizm Paytaxtı” elan olunması münasibətilə təşəkkürümü bildirirəm.
Azərbaycan regionun mühüm nəqliyyat və enerji qovşaqlarından biridir. Ölkəmiz 12 dövlətə təbii qaz ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatçısıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və bu dəhlizlərdən ECO üzvü olan əksər ölkələr istifadə edir. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə yatırılmışdır ki, bunun da yarısı xarici investisiyalardır. Bu, ölkəmizdə formalaşmış müsbət sərmayə iqliminin göstəricisidir.
Bu Zirvə görüşü təkcə keçmişin müzakirəsi deyil, gələcək əməkdaşlığımızın yol xəritəsini müəyyən edən mühüm platformadır. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinin gücləndirilməsi, üzv dövlətlər arasında iqtisadi, enerji, nəqliyyat, turizm, gənclər və qadın təşəbbüsləri sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində bütün səyləri dəstəkləyir.
Sonda bir daha Zirvə görüşünün təşkilinə dəstək verən bütün tərəfdaşlara təşəkkür edir, bu tarixi toplantının ECO-nun güclənməsinə, regionumuzda sülh və rifahın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyimi bildirirəm.
198 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Şirinova Nərminə.