Azərbaycan – Özbəkistan Müttəfiqlik Əlaqələri

Azərbaycan – Özbəkistan Müttəfiqlik Əlaqələri
Prezident İlham Əliyevin 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatla əlaqədar Azərbaycan respublikası və Özbəkistan arasında iqtisadi-siyasi proseslərin təhlili.
Azərbaycan-Özbəkistan arasında dərin tarixi köklərə malik dostluq və əməkdaşləq əlaqələri mövcuddur. Azərbaycan və özbək xalqları ortaq mədəniyyət, eyni dil ailəsinə mənsubiyyət, dini dəyərlər və milli ənənələrlə bir-birinə bağlıdır. Bu bağlar tarixlə, gen yaddaşı ilə möhkəmlənib.
İki ölkə arasında əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub.İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana 26–27 may 1996-cı il tarixdə ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər ərzində iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. Səfər çərçivəsində Özbəkistan Prezidenti İslam Kərimova Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim olunub.1996-cı ilin avqustunda Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Bu diplomatik platformada indiyədək 190-dan çox ikitərəfli sənəd imzalanaraq hüquqi bazanın təməli möhkəmləndirilib.
11–12 sentyabr 2008-ci il tarixdə Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycanda rəsmi səfərdə olub. İki ölkə prezidentinin təkbətək və geniş tərkibdə görüşündən sonra dövlətlər arasında sənədlərin imzalanma mərasimi keçirilib. Ətraf mühitin qorunması, informasiya və kommunikasiya texnologiyaları, dəmiryol nəqliyyatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə və kombinə olunmuş daşımaların inkişafına dair tədbirlər, vergi sahəsində əməkdaşlıq və informasiya mübadiləsi, məxfi informasiyanın qarşılıqlı surətdə qorunması, humanitar sahədə, ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsi tədbirləri haqqında sazişlər imzalanıb. Görüşlərdə ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib. İ. Kərimov səfər çərçivəsində həmçinin, Heydər Əliyev Fondu ilə tanış olub. Sentyabrın 12-də prezidentlər Azərbaycan paytaxtında böyük özbək şairi Ə. Nəvainin abidəsinin açılış mərasimində iştirak ediblər.
Bu gün iki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir. Bu münasibətlər yalnız dostluq səviyyəsində deyil, həm də hərtərəfli və strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Strateji münasibətlərin ideya əsasları böyük siyasi uzaqgörənliklə hələ sovet dövründə qoyulmuşdur. 1970-ci illərdə Azərbaycanın rəhbəri Heydər Əliyev və Özbəkistanın o zamankı rəhbəri Şərəf Rəşidov arasında şəxsi dostluq və qarşılıqlı hörmət əlaqələri bu gün də dərin hörmətlə yad edilir. Ulu Öndər Heydər Əliyev özbək xalqına daim xüsusi rəğbət bəsləmiş, bu münasibət sonradan yüksək səviyyəli dövlətlərarası əlaqələrdə davam etdirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib ki, bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir.
Dövlətimizin başçısı qeyd edib: “Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirilən plan və layihələrlə nümayiş etdiririk”.
Ölkə başçısı mətbuata bəyanatında həm də bildirib ki, “Azərbaycan və Özbəkistan müntəzəm dialoqun aparılması və qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası üzrə razılığa gəlib”.
Bu isə öz növbəsində Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətinin daha da genişlənməsinə,şərq ilə qərb arasında iqtisadi və siyasi əlaqələrin inkişafında mühüm rol oynamasına gətirib çıxardır.

Ə. Vahid adına 293 № - li tam orta məktəbin tarix müəllimi Nuriyev Vüqar Vahab oğlu.

Oxşar xəbərlər