Qürurvericidir ki, Özbəkistan artıq fəal surətdə azad Qarabağdakı quruculuq işlərinə qoşulub

Qürurvericidir ki, Özbəkistan artıq fəal surətdə azad Qarabağdakı quruculuq işlərinə qoşulub
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan lideri Şavkat Mirziyoyevin dəvəti ilə avqustun 22-də Daşkəndə səfər edib. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Azərbaycanla Özbəkistan arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətləri günbəgün güclənməkdə və məzmunca daha da zənginləşməkdədir. Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə malik olan Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
“Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-23-də Özbəkistana dövlət səfərində Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin iştirakı ilə imzalanan sənədlər sırasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ən mühüm sənədlərdəndir. Bu müqavilə ilə iki ölkə rəsmi səviyyədə müttəfiq oldu. Bu müqavilə bütün sahələri özündə əks etdirir, o cümlədən hərbi-təhlükəsizlik məsələlərini də nəzərdə tutur”.
Bu münasibətlərin inkişafı dövlətlər arasındakı əlaqələri yaxınlaşdırmaqla yanaşı, iqtisadi baxımdan da tərəflərə faydalı olacaq. Çindən Avropaya uzanan beynəlxalq əhəmiyyətli tranzit yolların hər iki dövlətin ərazisindən keçməsi birgə fəaliyyəti zərurətə çevirib. Prezidentlər regionun coğrafi mövqeyini düzgün qiymətləndirərək tranzit sahəsində əməkdaşlığı davam etdirirlər.
Bu iki ölkə Türk Dövlətləri Təşkilatı, MDB, BMT, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edir. Həqiqətən də, Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə qardaş ölkələr arasındakı münasibətlər daha da dərinləşib. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir.
Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir ki, Özbəkistan artıq fəal surətdə azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəb binasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub. Əminik ki, azad Qarabağda aparılan bərpa-quruculuq işlərinə qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhfələr verəcək, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
tarix müəllimi Sevda Məmmədova

Oxşar xəbərlər