
Cari ilin 2 iyul 2025-ci il tarixində Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfər edib. İki ölkə arasında diplomatik əlaqələr isə 1995-ci ilin oktyabr ayından qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də ölkəmizə reallaşdırdığı dövlət səfəri mühüm məqamlarla tarixə yazıldı. Səfər çərçivəsində Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması, ölkələrimiz arasında imzalanmış sənədlərin mübadilə edilməsi, Özbəkistan səfirliyinin yeni binasının açılışı münasibətlərimizin müsbət strateji inkişaf prosesi yaşadığını və çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyini deməyə əsas verir. Səfər zamanı, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi. Həmin iclasda Prezident İlham Əliyev iki dost, qardaş, müttəfiq ölkənin münasibətlərinin hazırkı inkişaf səviyyəsinin təqdimatı kimi dəyərləndirilən “Əminəm ki, Özbəkistan Prezidentinin dövlət səfəri ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafında daha bir mühüm mərhələ olacaq. Biz dostuq, qardaşıq, Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalandığı andan artıq müttəfiqlərik. Keçən il Daşkənddə biz rəsmən müttəfiq olduq. Müttəfiqlik münasibətləri haqqında Müqavilə dövlətlərarası münasibətlərin ali formasıdır” fikirlərini söyləyərək onu da əlavə etdi ki, ölkələrimizi həm tarix, həm mədəniyyət, həm ortaq dil və etnik yaxınlıq birləşdirir. Bu, möhkəm bünövrədir. Biz Özbəkistan-Azərbaycan qardaşlığının gözəl binalarını inşa edirik. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıda olması, paytaxtda Özbəkistanın səfirliyinin yeni binasının açılması və Özbəkistan parkının salınması iki ölkənin münasibətlərinin daha da inkişaf etməsi baxımından çox uğurlu işlərdir. Bu gün Azərbaycan ilə Özbəkistan Turan ideyasının və Türk dünyasının çox güclü resursunu təşkil edir. İki ölkə arasında ortaq dəyərlər, dil və din birliyinin mövcudluğu olduqca əhəmiyyətlidir. Ona görə də tərəflər bütün Türk dünyasının quruculuğunun təməlində dayanan dövlətlər sırasındadırlar. 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüş və mətbuata verilən bəyanat yalnız diplomatik münasibətlərin növbəti mərhələsi deyil, həm də regional geosiyasi reallıqların təhlili baxımından əlamətdar hadisə oldu.
Səfər həm də simvolik məqamlarla yadda qalıb. Bakının “Ağ Şəhər” ərazisində salınacaq “Özbəkistan Parkı” – təkcə bir istirahət məkanı deyil, həm də xalqlarımız arasında dostluğun və mədəni bağların canlı simvoludur. 5 hektarlıq ərazidə Özbəkistanın qədim şəhərlərinin üslubunda obyektlər inşa olunacaq, restoranlar, muzey, kinoteatr və digər məkanlar parkın mədəni zənginliyini göstərəcək.
İqtisadi sahədə də əməkdaşlıq genişlənir. Enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye və logistika sahələrində tərəfdaşlıq dinamik inkişaf edir. Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri çərçivəsində ölkələr arasında güclü geoiqtisadi sinerji yaranır.Azərbaycanın Özbəkistana yatırdığı sərmayələr də artmaqdadır. 500 milyon dollar nizamnamə kapitalına malik Birgə İnvestisiya Fondu artıq bir çox layihələrin icrasına hazırdır. Bu fond enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığı daha da genişləndirəcək
Ədəbi və mədəni əlaqələr də diqqətəlayiqdir. Nizami Gəncəvi və Əlişir Nəvai kimi dahilər ortaq yaddaşın simvoluna çevrilib. Hər iki ölkədə bu dahilərin abidələrinin ucaldılması, əsərlərinin nəşri və təqdimatı mədəni yaxınlığın təzahürüdür. Daşkənddə Ulu Öndər Heydər Əliyevin adını daşıyan meydanın yaradılması isə xalqlarımızın bir-birinə olan ehtiramının parlaq nümunəsidir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və çətin günlərdə qardaşlıq mövqeyi nümayiş etdirib
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata bəyanatında bildirdiyi kimi, ölkələrimiz artıq bir ildir ki, rəsmi müttəfiqdirlər və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, dəstəklə, həmçinin bir çox sahədə həyata keçirilən konkret plan və layihələrlə nümayiş etdirirlər. Bu xüsusda, Azərbaycanla Özbəkistan arasında yaradılmış İnvestisiya Fondu artıq iqtisadi əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə, müxtəlif sahələrdə tərəfdaşlıq imkanlarının səmərəli şəkildə reallaşdırılmasına töhfələr verir.
Xankəndidə Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki də artıq fəaliyyət göstərir. Bu fabrik tarixi torpaqlarımızda məşğulluq səviyyəsinin artırılması və yüngül sənayenin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezidentlər tərəfindən səsləndirilən əsas mesajlardan biri iki ölkə arasında qardaşlıq və dostluq münasibətlərinin daha da güclənməsi, qarşılıqlı siyasi etimadın yüksək səviyyəyə çatması oldu. Prezident İlham Əliyev Şövkət Mirziyoyevi “qardaşım” kimi təqdim edərək bu münasibətlərin təməlində ortaq tarix, din, mədəniyyət və dilin dayandığını qeyd etdi. Mirziyoyev isə Azərbaycana olan sevgidən və bu münasibətlərin gələcəkdə daha da dərinləşdirilməsi üçün siyasi iradənin tam mövcudluğundan danışdı.
Səfər çərçivəsində iqtisadi sahədə geniş anlaşmalar əldə olundu. Xüsusilə ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat, logistika və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı konkret yol xəritələri razılaşdırıldı. Hər iki ölkə 2030-cu ilə qədər ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmaq məqsədi qoydu. Sənaye əməkdaşlığı çərçivəsində Özbəkistanın Azərbaycanda həyata keçirdiyi layihələrə, o cümlədən Qarabağ bölgəsindəki tikinti və bərpa işlərinə göstərdiyi töhfələr xüsusi vurğulandı.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov