Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib

Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib Azərbaycan və özbək xalqları arasındakı əlaqələr hələ XX əsrin əvvəllərinə dayanır. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Rəsulzadə ilə özbək ictimai-siyasi xadimi Osman Xocaoğlu tez-tez bir biri ilə əlaqələr qurur, Azərbaycan və özbək millətlərinin mənafeləri üçün müzakirələr aparırdılar. Lakin rus işğalı bu əlaqələrin kəsilməsinə səbəb oldu. Azərbaycan və Özbəkistan sovetləşdikdən sonra əlaqələr yenidən davam etmişdir. 1966-ci ilin aprelində Özbəkistanda məlum faciəvi zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daim qardaş Özbəkistanla münasibətlərə xüsusi önəm vermiş, hələ Sovetlər dövründə onun Türkdilli qardaş ölkələrə xüsusi rəğbəti olmuşdur. Heydər Əliyev Azərbaycan SSR-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində işləyərkən (1969-1982) Özbəkistan SSR-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışan Şərəf Rəşidovla sıx dostluq əlaqələri olmuşdur. Nə “hikmət isə” bu iki böyük türk Sovet rəhbərliyi tərəfindən istənmirdi.Bu da səbəbsiz deyildi, 1985-ci il Alma–Ata hadisələrin yada salaq. Uzun illər Qazaxıstana uğurla rəhbərlik etmiş Sov. İKP. MK Siyasi bürosunun üzvü D. Kunayevin heç bir luzum olmadan vəzifədən çıxarılaraq yerinə Moskvadan göndərilən Kolbinin təyin edilməsi, kütləvi etiraza səbəb olmuşdur.Onda Qarbaçov ilk dəfə ordunun qüvvəsindən istifadə edərək müsəlman ölkəsi olan Qazaxıstanda qırğınlar törətmiş, çoxlu həbslər aparmışdı.
Qazaxıstan hadisələri Siyasi Büro üzvüləri arasında kəskin fikir ayrılığına səbəb olmuşdur. Buna etiraz bildirən Siyasi Büro üzvü Heydər Əliyev və Siyasi Büro üzvülüyünə namizəd Şərəf Rəşidov (Özbəkistan) arzuedilməz şəxslərə çevrilmişdilər.Azərbaycan və Özbəkistan arasında əlaqələr “şər imperiyası” SSRİ-nin süqutu və əldə olunan müstəqillikdən sonra uğurla davam etdirilmişdir. İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin oktyabr ayının 2-də qurulmuşdur.Buna uyğun olaraq 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana 26-27 may 1996-cı il tarixdə ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər ərzində iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb.
21-22 oktyabr 1996-cı il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Səfər çərçivəsində Heydər Əliyev dövlət başçılarının Forumunda çıxış edib. 18-19 iyun 1997-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Bakıdakı kimi, Daşkənddə də 19 sənəd imzalanıb. Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev qeyd edib: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin.”Prezident İlham Əliyevin zamanında da Azərbaycan-Özbəkistan əlaqələri yüksək xətlə inkişaf edir. 2004-cü il martın 23-24-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda dövlət səfərində olub. Səfər zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb.Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə bildirilir ki, tərəflər keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini ifadə edirlər. Təsadüfi deyil ki, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il martın 14-də səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistana səfər edib. Səfər əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi keçirilib, mühümü müqavilələrə imza atılıb.
Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub. Azərbaycanla Özbəkistan hərbi və hərbi-texniki sahədə də əməkdaşlığı inkişaf etdirəcəklər.Bu baxımdan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” xüsusi əhəmiyyət daşıyır. Bu qeyd olunan sahədə iki ölkə arasında əlaqələrin gücləndirilməsinə ciddi töhfə verəcək. 2021-ci ilin noyabrında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdi. Üç hektar ərazidə 960 yerlik məktəb tikintisi üçün ərazi artıq müəyyənləşdirilib, ilkin işlərə başlanılıb. Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun, əsl qardaşlığın rəmzidir. Azərbaycan və Özbəkistan arasında 20-yə yaxın sənədin imzalanması iki ölkənin strateji müttəfiqliyinin göstəricilərindəndir. Səfər zamanı imzalanmış sənədlər ölkələr arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir. Xüsusilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” imzalanması bunu bir daha təsdiqləyir.

Sabunçu rayonu, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov

Oxşar xəbərlər