Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr yüksək səviyyədə aparılır

Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr yüksək səviyyədə aparılır
Azərbaycan hal-hazırda özünü dünyaya sübut etmiş bir ölkə kimi istər daxili, istərsə də xarici siyasəti ilə örnək bir dövlətdir. Məhz daxili siyasətinin nəticəsidir ki, ölkə daxilində yaşayan insanlar rifah içində, firavan, təhlükəsiz həyat sürürlər. Günümüzün reallığına nəzərə salsaq, bir çox ölkələrdə baş verən daxili çəkişmələr, dövlətə, onun qanunlarına zidd hərəkətlər, terror aktları bizim ölkəmizdən yan keçir. Bunun səbəbi düzgün idarəetmə sisteminin mövcud olması və xalqımızın xəmirinin sülhsevər, tolerant, humanist hisslərlə yoğrulmasıdır. Dövlətimiz və onun siyasətinin tək hədəfi Azərbaycanı dünya səviyyəsində tanıtmaq, onun mədəniyyətinin, elminin, iqtisadiyyatının inkişafına nail olmaqdır. Bizim kimi eyni fikirdə olan bir çox dövlətlər var ki, məhz bizi yaxınlaşdıran da o səbəblərdir. Bu ölkələrdən biri də Özbəkistandır.
Özbəkistanla Azərbaycan arasında olan diplomatik əlaqələrin əsası ulu öndər Heydər Əliyev tərəfindən 1995-c il oktyabrın 2-də qoyulmuş və bu gün dəPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Özbəkistanla Azərbaycanı tərəfdaş edən bir çox səbəblər vardır ki, bunlara milli adət-ənənələrimiz, ümumi dil qrupu, mədəniyyət və dini misal göstərmək olar. Bundan başqa hər iki dövlət uzun müddət SSRİ-nin müttəfiq respublikaları olmuşlar.
"Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" 1996-cı ildə Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana ilk rəsmi səfəri zamanı imzalanmışdır. 1997-ci ildə isə ulu öndər Heydər Əliyevin Özbəkistana səfəri baş tutmuş, burada türkdilli dövlətlərin birgə konfransında çıxış edib nitq söyləmişdir. İslam Kərimov Azərbaycana səfəri zamanı Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu ilə təltif olunduğu kimi, Heydər Əliyev də Daşkənd Universitetinin fəxri doktoru diplomu ilə təltif olunmuşdur. Bu hər iki ölkənin prezidentlərinə olan hörmətinin bariz nümunəsidir.
Ümumiyyətlə Azərbaycanın tərəfdaş olduğu ölkələr arasında türkdilli dövlətlər xüsusi yer tutur. Bunun səbəbi türk xalqlarının əzəldən bir-birlərinə arxa-dayaq olması, birgə çalışıb daha güclü bir dostluq əlaqələri qurmaq və s. olmuşdur. Özbəkistanla qurulan siyasi, iqtisadi,mədəni, diplomatik əlaqələr də bunun sübutudur. Hər iki ölkənin prezidentləri arasında olan görüşlərdə ətraf mühitin qorunması, informasiya və kommunikasiya texnologiyaları, dəmiryol nəqliyyatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə və kombinə olunmuş daşımaların inkişafına dair tədbirlər, vergi sahəsində əməkdaşlıq və informasiya mübadiləsi, məxfi informasiyanın qarşılıqlı surətdə qorunması, humanitar sahədə, ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsi tədbirləri haqqında sazişlər imzalanıb.
Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr də yüksək səviyyədə aparılır. Həm Azərbaycanın, həm də Özbəkistanın məşhur klassikləri Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli, Əlişir Nəvai, Mirzə Uluqbəy kimi yazıçılar və onların əsərləri dünya ədəbiyyatı üçün sərvət dəyərindədir. Hər iki ölkənin bir-birinin mədəniyyətinə, incəsənətinə olan hörməti gördüyü işlərlə də özünü sübut edir. Elə bunun nəticəsidir ki, Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin abidələri ucaldılmışdır. Özbəkistan Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvi adınadır. Azərbaycanda isə bir qəsəbə Nəvainin adını daşıyır.
İki ölkə arasında olan münasibətlərin tarixi nə qədər qədimdirsə, gələcəyi bir o qədər parlaq və uzunömürlüdür.

Bakıxanov qəsəbəsi, 213 nömrəli məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəlimi Məsumə Abbasova

Oxşar xəbərlər