
2021-ci il 15 iyun tarixində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında “Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Bu mühüm sənəd Azərbaycan-Türkiyə münasibətlərində yeni bir mərhələnin əsasını qoymuşdur. Şuşa şəhərində imzalanan bu bəyannamə tarixi, strateji və simvolik əhəmiyyətə malikdir. Sənəd hər iki ölkənin ortaq tarixi, mədəni və milli dəyərlərinə söykənərək, müasir dövrün çağırışlarına uyğun əməkdaşlıq modelini ortaya qoyur.
Bəyannamənin imzalanması ilə bağlı cənab Prezident İlham Əliyev demişdir: “Bu tarixi sənədi əcdadlarımızın ruhuna ehtiram əlaməti olaraq azad edilmiş Şuşada imzaladıq. Bu, gələcək nəsillərə yol göstərən sənəddir.” Bu bəyanat bir daha göstərir ki, Azərbaycan və Türkiyə arasında əlaqələr təkcə bugünkü maraqlara deyil, həm də dərin tarixi köklərə əsaslanır.Bəyannamədə Ulu öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kimi dəyərli fikirləri qeyd olunmuşdur. Bu kəlamlar iki xalq arasında qardaşlıq münasibətlərinin əsas ideoloji dayaqlarından biridir.
Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq bütün sahələr üzrə genişləndirilməkdədir. Sənəddə müdafiə və hərbi sahədə qarşılıqlı yardım, birgə hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesində əməkdaşlıq və informasiya təhlükəsizliyi kimi mühüm istiqamətlər əhatə olunur. Bu isə regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında əhəmiyyətli rol oynayır.İqtisadi əməkdaşlığın genişləndirilməsi bəyannamənin digər mühüm istiqamətidir. Zəngəzur dəhlizinin açılması, nəqliyyat və logistika imkanlarının artırılması, birgə enerji layihələri, sənaye zonalarının yaradılması kimi təşəbbüslər hər iki ölkənin iqtisadi potensialını artırmağa yönəlib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərində Türkiyə şirkətlərinin iştirakı bu əməkdaşlığın praktiki təzahürüdür.Şuşa Bəyannaməsi təkcə iki ölkə arasında münasibətlərin hüquqi sənədi deyil, eyni zamanda regional sabitliyə, əməkdaşlığa və birliyə çağırışdır. Sənəd beynəlxalq ictimaiyyətə Azərbaycan və Türkiyənin həmrəylik mesajını verir və revanşist qüvvələrə qarşı ortaq mövqeyi ortaya qoyur.Bəyannamənin imzalanmasından sonra hər il 15 iyun tarixində Şuşada keçirilən konfranslar bu müttəfiqliyin canlı davamını təcəssüm etdirir. Bu tədbirlər həm də Azərbaycan və Türkiyə arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini və yeni dövrün tələblərinə uyğun formada dərinləşdiyini göstərir.
Nəticə etibarilə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında tarixi qardaşlığın hüquqi və strateji zəminə keçidini simvolizə edir.
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
müəllimi Aytəkin Şükürova