44 günlük Vətən müharibəsində olduğu kimi, ondan sonra - işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə birgə addımlar atır

44 günlük Vətən müharibəsində olduğu kimi, ondan sonra - işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə birgə addımlar atır “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasından 4 il ötür.
İki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan bu sənəd Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanıb.
Hər il iyunun 15-də bu mühüm sənədin imzalanmasının ildönümü ənənvi tədbirlərin keçirilməsi ilə qeyd edilir, Azərbaycan və Türkiyənin strateji müttəfiqlik, dostluq və qardaşlıq münasibətləri bir daha vurğulanır.
Bəyannamədə ölkələrimiz arasında siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə müttəfiqlik əlaqələrinin gücləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu vacib sənədin əsas cəhətlərindən biri regionda əhatəli sülhə yol açması, bölgədə inteqrasiya proseslərini stimullaşdırmasıdır.
Strateji müttəfiqliyi gücləndirməyi nəzərdə tutan bu mühüm sənəd həm də əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır və regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olur.
Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.
44 günlük Vətən müharibəsində olduğu kimi, ondan sonra - işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə birgə addımlar atır. Zəngəzur dəhlizi kimi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir.
Bu sənədin əhəmiyyəti həm də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir.
Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq.
Bəyannamənin məhz 2021-ci il iyunun 12-də imzalanmasının tarixi baxımdan rəmzi mənası da var. İmzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.
Sənəddə həmçinin Ermənistandakı revanşist qüvvələrə mühüm ismarış yer alır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.
Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb.
Dörd il əvvəl imzalanmış bu vacib sənəd Türkiyə ilə Azərbaycanın əbədi müttəfiqliyi, dostluğu, qardaşlığı barədə strateji mesajdır.

Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin
direktoru Gültəkin Rüstəmova


Oxşar xəbərlər