
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyəti vardır. 15 iyun 2021-ci il tarixi Azərbaycan–Türkiyə münasibətləri üçün yeni bir epoxanın başlanğıcı kimi yadda qaldı. Həmin gün Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd təkcə diplomatik akt deyil, eyni zamanda, iki qardaş xalqın tarix, mədəniyyət və ortaq tale üzərində qurulan münasibətlərinin yüksək mərhələyə - strateji müttəfiqliyə keçidinin rəsmi nişanəsi oldu.
Şuşa bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdi ki, bəyannamədə ən önəmli məsələlərdən biri müdafiə sahəsindəki əməkdaşlıq, müdafiə sənayesi və qarşılıqlı hərbi yardım məsələləri ilə bağlıdır."Bu onu göstərir ki, biz həmişə bir yerdə olacağıq və bir-birimizin təhlükəsizliyini təmin edəcəyik.” “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Ulu öndər Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Ulu öndər Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.
44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstək və qətiyyətli mövqe bu bəyannamənin geosiyasi zəminini formalaşdırdı. Bəyannamə ilə təsbit edilən əməkdaşlıq sahələri - müdafiə sənayesi, təhlükəsizlik, nəqliyyat, enerji, təhsil və mədəniyyət - regional güc balansında yeni reallıqlar yaradaraq Cənubi Qafqazda sabitlik və inkişafın təminatına çevrildi.
Həmin sənəddə diqqəti cəlb edən məsələlərdən biri beynəlxalq əhəmiyyət kəsb edən layihələrin reallaşmasıdır. Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Bu layihə nəinki bölgə, region üçün, həm də dünya üçün vacib və mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Cənub-Şərqi Avropada və Qafqazda iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir.
Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi əsasında qurulan əməkdaşlıq, müttəfiqlik getdikcə daha da inkişaf edəcək, addım-adım növbəti uğurlara nail olacaqdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını, birliyini bütün dünyaya bildirən bir mesajdır.
2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.
Bu bəyannamə ilə Azərbaycan və Türkiyə bir daha sübut etdi ki, tarixi qardaşlıq yalnız keçmişin mirası deyil, gələcəyin də təminatıdır. Şuşa şəhərində imzalanan bu müqəddəs sənəd təkcə bir akt deyil, gələcəyə yazılmış ortaq anddır - sarsılmaz birliyimizin manifestidir!
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva